“Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda gənclərlə görüş keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda Milli Məclisin deputatı Nigar Məmmədova ilə gənclərin görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatında baş tutan görüşdə ilk öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunmuş sərgiyə baxış keçirilib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İştirakçıları salamlayaraq görüşü açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Məmmədova haqqında tədbir iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Bunun nəticəsidir ki, müstəqil Azərbaycan gənclərinin birinci forumu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və şəxsi iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilmişdir. Bu forum Azərbaycanda dövlət gənclər siyasətinin formalaşmasında mühüm mərhələ hesab olunur. Ulu Öndər forumdakı nitqində gənclərin qarşısında müstəqil dövlət quruculuğu ilə bağlı mühüm tarixi vəzifələr müəyyənləşdirmişdir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahədə uğurlu fəaliyyətləri ilə Ulu Öndərin gənclər siyasətinə sadiqliyini hər zaman nümayiş etdirirlər. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün gənclərimiz Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət mərkəzindədir və görülən işlər, əldə olunan nəaliyyətlər bunun bariz göstəricisidir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Məmmədova çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər də bu kontekstdə xüsusi vurğulanmalıdır. Dövlət gənclər siyasətini bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət və qayğı göstərməsi isə hər bir gənci ruhlandırır. Qeyd olunub ki, Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi könüllülük hərəkatı gənclərin sosial fəallığının artırılması, vətəndaş məsuliyyətinin formalaşdırılması və ictimai həyatda aktiv iştirakının təmin olunmasında mühüm rol oynayır. Könüllülük fəaliyyəti gənclərə praktiki bacarıqlar qazandırmaqla yanaşı, onların liderlik keyfiyyətlərini inkişaf etdirir və dövlətçilik dəyərlərinə bağlılığını möhkəmləndirir. Eyni zamanda, xaricdə təhsil imkanlarının genişləndirilməsi gənclərin beynəlxalq təcrübə qazanmasına, müasir bilik və innovativ yanaşmaları mənimsəməsinə şərait yaradır. Bu istiqamətdə həyata keçirilən proqramlar ölkənin intellektual potensialının gücləndirilməsinə və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına xidmət edir. Bildirilib ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfərlər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün gənclərimizlə fəxr edir və qürur duyuruq. Ulu Öndər Heydər Əliyev ideyaları və ölkə rəhbəri cənab İlham Əliyevin strateji liderliyi ilə formalaşan bu gənclik Azərbaycanın sabahını etibarlı əllərdə saxlayır. Çıxışlardan sonra görüş interaktiv şəkildə davam edərək gənclərin çoxsaylı sualları cavablandırılıb.
YAP Yasamal rayon təşkilatında könüllülük proqramını müvəffəqiyyətlə başa vuran gənclərə sertifikatlar təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.
15:28 15.04.2026
Oxunuş sayı: 73