CROSSMEDIA - Heydər Əliyev - XX əsrin böyük strateqi
Gündəm

Heydər Əliyev - XX əsrin böyük strateqi

Strateq sözü yunan dilindən tərcümədə, idarə etmək yönləndirmək deməkdir. Qədimdə strateqler xüsusi insanlardan fərqlənirdi. Belə ki, strateqler xüsusi idarəçilik qabiliyyətinə sahib hərbi, yaxud siyasi liderlər idi. Strateqlərdə olan və onları digər insanlardan fərqləndirən xüsusiyyətlər XX əsrdə Heydər Əliyevdə cəmləşmişdi. İki dəfə Azərbaycanın çətin vəziyyətində dövlətimizi idarə etmiş, uzaqgörən siyasəti ilə dövlətimizi gücləndirmiş, nüfuzunu artırmışdır.

Heydər Əliyev adı təkcə Azərbaycanın deyil, bütün türk dünyasının tarixində xüsusi bir yerə sahibdir. O, müasir Azərbaycan Respublikasının banisi, böyük dövlət xadimi və uzaqgörən siyasətçi kimi adını tarixə qızıl hərflərlə yazdırmışdır. Azərbaycanın ən çətin dövrlərində liderliyini nümayiş etdirən Heydər Əliyev həm ölkə daxili, həm də beynəlxalq arenada çevik siyasət yürüdərək xalqını sabitlik və inkişaf yoluna çıxarmışdır.

Ümummilli Liderin dövlətçilik fəlsəfəsi

Heydər Əliyevin təməl siyasətində dövlətçilik prinsipləri hər zaman əsas olmuşdur. Onun siyasi fəlsəfəsi güclü və müstəqil dövlət quruculuğuna, xalqın rifahının yüksəldilməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına yönəlmişdir. 1993-cü ildə Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı, anarxiyanın hökm sürdüyü bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni xaosdan və vətəndaş müharibəsindən xilas edərək yeni inkişaf strategiyasını həyata keçirmişdir.

 

Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrü

Heydər Əliyevin Azərbaycançılıq siyasəti hələ Sovet İttifaqındakı vəzifə pilləsində çalışmalarından başlayır. Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunması böyük hadisə idi. Ermənilər təhlükəsizlik orqanlarında yuva salaraq təxribatlar törədir, azərbaycanlıları bu qurumdan kənar tutmağa çalışırdılar. Heydər Əliyevin təyinatı onların bu özbaşınalığının qarşısının alınmasında mühüm rol oynadı. 

1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyin edilir. Bu təyinatdan sonra o, geniş islahatlar həyata keçirir.

1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər Moskvanın aparıcı ali məktəblərinə təhsil almağa göndərildi. Qısa bir zamanda belə gənclərin sayı 1000-ə çatır.

1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə  Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri yaradıldı.

1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşmış hərbi məktəb yaradıldı. Bu məktəbin yaradılmasında da məqsəd aydın idi. Sovet Rusiyası yaranandan hətta Çar Rusiyası dövründə azərbaycanlılar orduya çağırılmır, silah tutmaq öyrədilmirdi. Heydər Əliyev Sovet Rusiyasının bu siyasətini də sındırdı və azərbaycanlı gəncləri orduya cəlb etdi.

1969-1982-ci  illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.

“Sadalananlar göstərir ki, Heydər Əliyev siyasəti təktərəfli olmamışdır. Dahi şəxsiyyət ölkəni inkişafa aparacaq bütün sahələrdə islahatlar aparmış, milli kimliyimizi qaytarmaq yolunda ciddi addımlar atmışdır".

Heydər Əliyevin anadan olmasından 98 il ötür

 

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi

Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə Azərbaycana prezident kimi qayıtdı. Azərbaycanda o dövrdə əvvəlki hakimiyyətin yarıtmazlığı sayəsində olan anarxiya, özbaşınalıq və hərc-mərclik dövlətin sadəcə adının olduğunu göstərirdi. Heydər Əliyev qətiyyətli siyasət yürüdərək Azərbaycan Respublikasını çətin və ağır vəziyyətdən xilas etmək üçün addımlar atmağa başladı.

Heydər Əliyev hakimiyyətə gələndə Qarabağ münaqişəsi tam həllini tapmamışdı və dövlətdə sabitlik olmadan inkişaf üçün islahatlar aparıla bilməzdi. Bu səbəbdən 1994-cü il 10 mayda imzalanan Bişkek atəşkəs protokolu Azərbaycan üçün əlverişsiz olan bütün hərbi əməliyyatları dayandırdı, ölkənin, xalqın nəfəs almasına, güc toplamasına imkan yaratdı. Bundan sonra atılan addımlar dövlətin beynəlxalq nüfuzunun artırılması və iqtisadi-sosial rifahın yüksəldilməsinə, hərbi-siyasi güc toplanılmasına hədəflənmişdi.

Heydər Əliyev İli”; mənəvi və sosial tələb …

Heydər Əliyev 1993-cü ilin oktyabr ayının 10-da prezident seçilməsi ilə əlaqədar keçirilən andiçmə mərasimindəki çıxışında demişdir: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz heç bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük, lakin eyni zamanda nəyin bahasına olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq. Güman edirəm ki, bundan sonra görülən işlər Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaqdır və respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tapacaqdır”.

Ulu Öndərin burada vurğuladığı kimi "biz heç bir dövlətin ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük, lakin eyni zamanda nəyin bahasına olursa olsun respublikanın suverenliyini təmin etməyə çalışacağıq". Bu fikir onun Azərbaycan prezidenti kimi siyasətinin onurğa sütununu təşkil edirdi.

1993-1995-ci illərdə Prezident Heydər Əliyevin xarici dövlətlərə etdiyi səfərlər, həmçinin xarici dövlətlərin nümayəndələrinin ölkəmizə səfəri Azərbaycanı beynəlxalq aləmdə yavaş-yavaş tanıdırdı. 

1994-cü il dekabr ayında keçirilən Budapeşt sammiti müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə  tanınması yolunda atılmış ilk uğurlu addımlardan idi. Heydər Əliyevin də iştirakı ilə keçirilən zirvə görüşü ATƏT-in fəaliyyətinin intensivləşdirməsinə yönəlmişdi.

1996-cı ildə keçirilən Lissabon sammiti isə dövlətimizin beynəlxalq diplomatik uğuru idi. Prezident Heydər Əliyev bu sammitdə dünya dövlətləri qarşısında Azərbaycan gerçəklikləri və erməni vəhşiliklərini açıq şəkildə dilə gətirmişdir: O demişdi: "Bizim vətəndaşlarımızın iyirmi min nəfərdən çoxu öldürülmüş, yüz min nəfərdən çoxu yaralanmış və ya əlil olmuş, altı min nəfəri əsir düşmüşdür. Bir milyondan çox azərbaycanlı, yəni ölkəmizin əhalisinin təqribən on beş faizi qaçqına çevrilmişdir. Dörd ildir ki, onlar qışı çadır şəhərciklərində dözülməz şəraitdə keçirməli olurlar. İşğal olunmuş ərazilərdə 700-ə qədər şəhər və kənd, habelə xəstəxana, məktəb, yaşayış evi, Azərbaycan xalqının tarix və mədəniyyət abidələri dağıdılmış, yandırılmış, talan edilmişdir”. Bütün bunlar Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında çox mühüm amil idi.

Xüsusilə, enerji siyasəti və xarici əlaqələr sahəsində Heydər Əliyevin fəaliyyəti Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” adlı neft sazişi Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, ölkəyə milyardlarla dollar sərmayə cəlb etdi. Heydər Əliyevin enerji siyasəti həm də Azərbaycanı dünya enerji bazarında strateji mövqeyə gətirdi. Bu siyasət təkcə iqtisadi inkişafı deyil, həm də siyasi stabilliyi təmin etdi.

Heydər Əliyev böyük dövlətlərlə balanslı siyasət yürüdərək Azərbaycanın maraqlarını hər zaman qorumağı bacarıb. Rusiya, Türkiyə, ABŞ, İran və Avropa dövlətləri ilə qurulan sağlam əlaqələr onun diplomatik istedadının parlaq nümunəsidir. O, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini gücləndirmək üçün yorulmadan çalışmışdır.

Welcome to Heydar Aliyevs Heritage Research Center

 

Qarabağ münaqişəsinin həlli istiqamətində Heydər Əliyev siyasəti

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də ciddi addımlar atmışdır. O, ilk növbədə, Azərbaycan ordusunun gücləndirilməsini və ölkənin hərbi potensialının artırılmasını prioritet vəzifə kimi qəbul etmişdir.

1994-cü ildə atəşkəs rejiminin təmin edilməsi ilə Heydər Əliyev Azərbaycana münaqişənin sülh yolu ilə həlli üçün vaxt qazandırdı. Bu siyasət, beynəlxalq birliyə Azərbaycanın haqlı mövqeyini çatdırmaq üçün mühüm addım idi. O, Qarabağ məsələsində heç vaxt güzəştə getməyəcəyini dəfələrlə bəyan etmiş və “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” fikrini beynəlxalq səviyyədə qəbul etdirmişdir. Həmçinin Bişkek protokolundan sonra əldə edilən atəşkəs razılaşması ilə sabitlik əldə edildi. 

Heydər Əliyevin arzuladığı Azərbaycan: Şuşa azaddır, Qarabağımız dirçəlir!

 

Heydər Əliyevin iqtisadi siyasəti

Heydər Əliyev iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirmişdir. Onun rəhbərliyi altında dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığın inkişafı və bazar iqtisadiyyatına keçid strategiyası həyata keçirildi. Azərbaycanda iqtisadi sabitlik təmin edildi və neft gəlirlərinin idarə olunması ilə bağlı şəffaf mexanizmlər quruldu.

Heydər Əliyev iqtisadiyyatın diversifikasiyasını təmin etmək üçün kənd təsərrüfatı, sənaye və turizm sahələrinin inkişafına xüsusi diqqət yetirmişdir. Bu siyasət ölkənin dayanıqlı inkişafına zəmin yaratdı.

Heydər Əliyevin iqtisadi strategiyası

 

Heydər Əliyev adı və irsi yaşayır

Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan tarixində əbədi yaşayacaqdır. Onun siyasəti və rəhbərliyi Azərbaycanı məhv olmaqdan xilas etdi, müstəqilliyini qorudu və onu inkişaf yoluna çıxardı. Bu gün onun yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun qoyduğu siyasətin davamıdır ki, Azərbaycan Respublikası torpaqlarının azad edib, ərazi bütövlüyümüz təmin edilib və ölkə Cənubi Qafqazda, dünyada lider ölkələr siyahısındadır. Budur Heydər Əliyev zəkası, dühası, böyüklüyü. Bütün bunları nəzərə alaraq qətiyyətlə demək olar ki, Heydər Əliyev adı, imzası Azərbaycanın müasir tarixinə işıq saçan ulduzdur.

Mübariz Göyüşlü
Crossmedia.az saytının baş redaktoru

11:59 11.12.2024

Oxunuş sayı: 16887

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR