“İslam Maliyyə Forumu-2025” tədbiri keçirilib
Ölkəmizdə artıq II dəfə təşkil olunan “İslam Maliyyə Forumu-2025” forumu keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, Azərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin (TKBB), AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA), UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi və MÜSİAD Azərbaycanın birgə tərəfdaşlığı və ‘’Hazel’’ şirkətinin sponsorluğu ilə baş tutub.
UNEC-in Tələbələrlə iş üzrə prorektoru i.e.n., dos. Səadət Qəndilova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, millət vəkili Ceyhun Məmmədov, Mərkəzi Bankın Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, T.C. Cumhurbaşkanlığı Yatırım və Finans Ofisi Finans Dairesi Başkanı Dr. Tarık Akın, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva və İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, i.f.d. Ruslan Atakişiyev çıxış ediblər. Məruzəçilər İslam maliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yaşıl sərmayənin təşviqi və Azərbaycanda İslam maliyyə mexanizmlərinin inkişafına dair yeni təşəbbüslərin müzakirəsi baxımından mühüm platforma rolunu oynadığını vurğulayıblar.
Tədbirin I sessiyası “Azərbaycanda İslam maliyyəsinin müasir çağırışları” mövzusuna həsr olunub. Sessiyaya i.f.d. Ruslan Atakişiyev moderatorluq edib.
Spikerlər i.e.d., professor Zahid Məmmədov “İslam sərmayəsinin inkişafının əsas istiqamətləri: Qlobal çağırışlar və Azərbaycan üçün yeni imkanlar”, Dr. Tarık Akın “Türkiye-Azerbaycan arasında Katılım Finans İş Birliklerinin Geliştirilmesi” və Gürkan Yılmaz “İslam Bankçılığında Türkiyə təcrübəsi” mövzularında çıxışları ilə iştirak ediblər.
“İslam ölkələrinin iqtisadi resursları” II sessiyasına i.e.d. Aqil Əsədovun moderatorluq edib. Həmin sessiyada çıxış edən İ.f.d. Ruslan Atakişiyev “ Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi “ layihəsininin icrası çərçivəsində Dubay, Manama və İstanbulda keçirilmiş görüşlər haqqında məlumat verib.
Təqdimat zamanı Qarabağ və Şərqi Zəngəzurun ekoloji dayanıqlı iqtisadi inkişafı, “yaşıl enerji” və innovativ sərmayə layihələrinin bölgənin gələcək inkişaf strategiyasında mühüm yer tutduğu vurğulanıb.
İslam bankçılığı üzrə ekspert Anar Yusufzadə isə “İslam ölkələrindən Azərbaycana investisiya cəlbi: KOB-lar üçün yeni imkanlar” və i.f.d. Vüsalə Cəfərova isə “İslam ölkələrinin bərpa olunan enerji resursları” mövzusunda çıxış ediblər.
Konfransda dövlət qurumlarının, ali təhsil müəssisələrinin, maliyyə institutlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də media nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim olunub, daha sonra iştirakçılar arasında şəbəkələşmə sessiyası keçirilib və xatirə şəkli çəkilib.
Ayhan
12:30 25.10.2025
Oxunuş sayı: 1450