Azərbaycana yay mövsümündə gələn turistlərin sayı 5 %-dən çox azalıb
Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana 740 min 722 turist səfər edib.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % azdır.
Mövsüm ərzində ölkəyə ən çox turist Rusiyadan gəlib – 196 min 789 nəfər. Bu göstərici ötən ilin yay mövsümü ilə müqayisədə 12 % azalma deməkdir.
İkinci yerdə Türkiyədən gələnlər qərarlaşıb – 116 min 479 nəfər. Bu isə 1 il əvvələ nisbətən 8,6 % artım deməkdir.
Üçüncü yeri isə Səudiyyə Ərəbistanından gələnlər tutub. Bu ölkədən Azərbaycana 50 min 945 nəfər turist gəlib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3 % azdır.
11:50 25.10.2025
Oxunuş sayı: 1422