Komitə sədri beşinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Mirqəni Hüseynli ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Görüşdə “Yüksəliş” müsabiqəsinin ölkədə kadr potensialının formalaşdırılmasında rolu, qaliblərin peşəkar inkişaf imkanları və dövlət idarəçiliyində tətbiqi mümkün innovativ yanaşmalar kimi mövzular diqqət mərkəzində olub. Diaspor siyasətinin prioritet istiqamətləri, xaricdə yaşayan azərbaycanlıların milli maraqlarının beynəlxalq platformalarda daha effektiv təmsil olunması məsələləri ətrafında müzakirələr aparılıb. Həmçinin fərdi inkişaf planı, peşəkar hədəfləri və gələcək fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Dövlət və ictimai idarəetmədə liderlik keyfiyyətlərinin formalaşdırılması, qlobal şəbəkələşmə və strateji baxışın genişləndirilməsi barədə fikir mübadiləsi olub.
Hazırda Böyük Britaniyanın Oksford Universitetində Biznesin idarəedilməsi (MBA) ixtisası üzrə magistratura pilləsində təhsil alan Mirqəni Hüseynli müsabiqə çərçivəsində qazandığı təcrübənin, xüsusilə, Mentorluq Proqramının peşəkar inkişafına müsbət təsir göstərdiyini bildirib, gələcək fəaliyyətində dövlət siyasətinin prioritet istiqamətlərinə uyğun təşəbbüslərlə çıxış etməyə hazır olduğunu söyləyib.
Mirqəni Hüseynli 2011 – 2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-qaz mühəndisliyi üzrə bakalavr, 2015 – 2018-ci illərdə Xəzər Universitetində Neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə magistratura təhsili alıb. Peşəkar fəaliyyəti dövründə bir sıra xarici şirkətlərdə mühəndis və mütəxəssis vəzifələrində çalışıb. 2020-2025-ci illərdə Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos) aparıcı müştəri mühəndisi vəzifəsində fəaliyyət göstərib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalayıb.
17:28 13.04.2026
Oxunuş sayı: 44