Tibb təhsili olmayan şəxslərə bunu qadağan etmək lazımdır
Tibbin insan sağlamlığı üçün həyati əhəmiyyət daşıdığı bir dünyada, fırıldaqçı və savadsız həkim problemi böyük narahatlıq doğurur. Belə şəxslərin səhiyyə sahəsində yer alması yalnız peşə etikasına zidd deyil, həm də insan həyatını ciddi risk altına qoyur. Təəssüf ki, bəzi həkimlər lazımi təhsil və peşəkar təcrübəyə malik olmadan bu sahədə fəaliyyət göstərir, digərləri isə maddi maraqlarını xəstələrin sağlamlığından üstün tuturlar. Bu, həm tibb sahəsində etibarın azalmasına, həm də xəstələrin müalicə prosesində daha çox problemlərlə üzləşməsinə səbəb olur. Həmçinin bu kimi həkimlər pasiyentləri qorxutmaq, yanıltmaq və ya yanlış məlumatlarla manipulyasiya etmək kimi yollarla qazanc əldə etməyə çalışırlar. Onların verdiyi yanlış diaqnoz, yararsız və ya təhlükəli müalicə metodları insanların həyatını riskə atır. Digər tərəfdən bu fəaliyyət tibb sahəsinə olan ümumi inamı azaldır, hətta vicdanlı həkimlərin də işini çətinləşdirir. Bəs fırıldaqçı və ya savadsız həkimi digər peşəkar həkimlərdən necə fərqləndirə bilərik? Tibbi savadsızlığı azaltmaq üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı professor Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, bütün bu narahatlıqların olmaması üçün biz dünyanın getdiyi yol ilə getməliyik:
"Əgər biz Qərb təbabətinin prinsiplərinə keçiriksə, icbari tibbi sığorta oradakı kimi tətbiq olunmalıdır. Hər hansı bir sistem, fiks maaşlar olmalı və həkimlərin 90 faizindən çoxu icbari tibbi sığortaya cəlb olunmalıdır. Digər tərəfdən dərhal sertifikasiya imtahanı ləğv olunmalıdır, çünki bu, həkimlər üçün təhqir hesab olunacaq bir haldır. Akkreditasiya sisteminə keçmək lazımdır. Akkreditasiya sistemi odur ki, hər bir həkimin fəaliyyət sahəsi o lisenziya ilə müəyyənləşir. Lisenziyada onun diplomu keçdiyi kurslar, başqa yeniliklər və s. fəaliyyət növü əsasında verilir. Akkreditasiya lisenziyası həkimə əsas baza olaraq diplom əsasında verilir. Dünyanın hər yerində birmənalı olaraq qəbul edilir ki, Tibb Universitetini bitirməyən, tibb təhsili olmayan şəxslər tibbi fəaliyyətlə məşğul ola bilməzlər.
A. Qeybulla qeyd edib ki, biz nə qədər ki, akkreditasiya sisteminə keçməmişik hərə bir yerdə klinika açacaq, hansı ki klinika açanların arxasında kifayət qədər nüfuzlu adamlar dayanırlar:
"Bu böyük bir şəbəkəyə çevrilir. Sonradan bu həkimlər böyük vəsaitlər müqabilində şou verilişlərinə çıxıb reklam olunurlar, insanlar da aldanıb bu kimi həkimlərin qəbuluna gedir. Ona görə də bütün bunların olmaması və bütövlükdə bu prosesləri normal məcraya salmaq üçün yeganə yol akkreditasiyadır. Normal bir akkreditasiya sistemi yarandıqda artıq heç bir problem yaşanmır. Ona lisenziya verən və qol çəkən şəxsdə məsuliyyət daşıyır ki, həmin həkim yalnız nə ilə məşğul ola bilər. Bununla da problem həllini tapmış olur".
Gülşad İbrahimova
09:29 11.12.2024
Oxunuş sayı: 7199