Putin və Pezeşkian telefon danışığı aparıb: Detalları məlum oldu artıq!
Rusiya lideri Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian telefon danışığı aparıblar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı Pezeşkian Putini və Rusiyanın bütün pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib.
Tərəflər Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər. İran Prezidenti İslamabadda 11 apreldə keçirilən İran–ABŞ danışıqlarına dair qiymətləndirməsini də bölüşüb.
Həmçinin, Putin Yaxın Şərqdə uzunmüddətli sülhün təmin olunması üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib.
İran tərəfi Rusiyanın beynəlxalq platformalarda gərginliyin azaldılmasına yönəlmiş prinsipial mövqeyinə görə təşəkkür edib, həmçinin İran xalqına göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.
Rusiya isə regionda ədalətli və davamlı sülhün bərqərar olması üçün Yaxın Şərqdəki tərəfdaşlarla aktiv təmasları davam etdirəcəyini bildirib.
Qeyd edək ki, sonda hər iki lider Rusiya–İran münasibətlərinin gələcəkdə də hərtərəfli şəkildə inkişaf etdirilməsi barədə razılıqlarını təsdiqləyiblər.
16:59 12.04.2026
Oxunuş sayı: 55