Hörmüz boğazında minalardan təmizlənmə əməliyyatı başlanıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında təhlükəsizliyin təmin olunması məqsədilə minalardan təmizləmə əməliyyatına başladığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Frank E. Peterson” (DDG-121) və “Maykl Mörfi” (DDG-112) esminesləri boğazdan keçərək Fars körfəzində əməliyyatlara start veriblər. Bu fəaliyyət daha geniş missiyanın tərkib hissəsi olaraq, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yerləşdirildiyi iddia olunan dəniz minalarının zərərsizləşdirilməsinə yönəlib.
Qeyd olunub ki, yaxın günlərdə əməliyyata pilotsuz sualtı vasitələr də daxil olmaqla əlavə ABŞ qüvvələri cəlb ediləcək.
CENTCOM komandanı Kuper bildirib ki, yeni təhlükəsiz dəniz marşrutunun yaradılması prosesi artıq başlayıb və yaxın zamanda kommersiya gəmiləri üçün əlçatan olacaq. Bu addımın beynəlxalq ticarət və enerji daşımalarının fasiləsizliyinə töhfə verəcəyi gözlənilir.
14:10 12.04.2026
Oxunuş sayı: 42