Sağlamlıq

İnanc, yoxsa çarə?

İnsanların əskəriyyəti xəstələnən kimi müxtəlif üsullara əl atır. Həkimdən öncə, şifahi şəkildə yaranan, kimin yaratdığı bəlli olmayan türkəçarə-xalq təbabəti üsullarından istifadə edilir. Bu üsullardan istifadə edirik amma, bilmirik ki, həqiqətən bu üsullar bizə kömək edirmi?

Mövzuyla bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev Crossmedia.az-a açıqlama verib. Ekspert  qeyd edir ki, xalq təbabətindən ancaq həkim məsləhəti ilə, müalicəyə kömək məqsədli istifadə etmək olar:

"Tarixən xalqımız ayrı-ayrı bitkiləri yoxlayıb, onların yaxşı təsiri olduğunu görüb dərman kimi istifadə edib. Bunu heç kim inkar etmir.
Əsas məsələ müalicədən öncə xəstəliyin səbəbinin axtarılmağıdır. Diaqnoz dəqiq olmalıdır. Bəzən orqanizmə bir yox bir neçə diaqnoz qoyulur. Belə halda orqanizm xüsusi müalicə tələb edir. İstənilən xəstəliyin müalicəsi həkim nəzarəti altında olmalıdır. Xalq təbabətindən ancaq həkim məsləhəti ilə, müalicəyə kömək məqsədli istifadə etmək olar. Məsələn, ala qanqalın qaraciyərə xeyiri var. Bunu heç kim inkar etmir. Amma, bu tip üsullara hər zaman ümid bəsləmək olmaz".

Ekspert həkim diplomu olmayan insanların tibb sahəsi üzrə məsləhət verməsini düzgün hesab etmir:

"Həkim diplomu olmayan, bu işi dəqiq bilməyən bir insanın müxtəlif üsullarla xəstəni müalicə etməsi,  türkəçarə üsulları məsləhət görməsi düzgün deyil. Çünki o bilmir ki, xeyirli bildiyi bitikinin xəstə orqanizmində hansı fəsadlar yarada bilər. Həmin bitkiləri ancaq  müalicəyə kömək vasitəsi kimi həkim məsləhət görə bilər. Dərmanlar sintetik maddədir. Fəsadları var amma, həkim nəzarəti altında qəbul olunarsa problem yoxdur. Savadlı həkim xəstəlik üçün düzgün dərman seçməyi bacarmalıdır". 

Zeynəb Mustafazadə

10:31 11.12.2024

Oxunuş sayı: 6828

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR