İllinoys Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb
Urbana-Şampeyn İllinoys Universitetində Azərbaycan mədəniyyətinin tanıdılmasına həsr olunan “Beynəlxalq tanıtım” (“International Spotlight”) tədbiri keçirilib. Tədbir universitetdə fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının və universitetin Beynəlxalq Tələbələr və Tədqiqatçılarla İş üzrə Xidmətlər şöbəsinin (ISSS – International Student and Scholar Services) birgə əməkdaşlığı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirin məqsədi iştirakçılara Azərbaycanı, onun zəngin mədəniyyətini və milli ənənələrini interaktiv və maraqlı formatda təqdim etmək olub.
Əvvəlcə Azərbaycan haqqında təqdimat keçirilib, ölkənin tarixi, coğrafiyası, mədəni irsi və müasir inkişafı barədə məlumat verilib. Daha sonra sual-cavab sessiyasında iştirakçılar ölkəmizlə bağlı suallar verib, fikir mübadiləsi aparıblar. Qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub, bu da görüşə xüsusi ab-hava qatıb. Proqram musiqi və milli rəqslərin ifası ilə davam etdirilib.
Sonda tədbirinin Azərbaycanın zəngin irsinin beynəlxalq auditoriyaya tanıdılması, eləcə də universitet mühitində mədəni müxtəlifliyin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Məlumat üçün qeyd edək ki, Urbana-Şampeyn İllinoys Universitetində 2024-cü ildən fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyası Azərbaycan həqiqətlərinin ABŞ auditoriyasına çatdırılması, həmçinin mədəniyyətimizin təbliği istiqamətində müxtəlif tədbirlər təşkil edir. Təşkilatın üzvləri Riyad Babayev və Könül Adıgözəlova 2-ci Amerika Azərbaycanlı Gənclər Forumunun iştirakçıları olub.
15:00 10.04.2026
Oxunuş sayı: 47