Edinburq Universitetində “Karyera yolları” forumu keçirilib
Şotlandiyanın Edinburq Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyəti “Karyera yolları” (“Career Pathways”) adlı forumu təşkil edib. Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
“Mühəndislik” və “İnformasiya texnologiyaları” ixtisasları tələbələrinin böyük marağına səbəb olan foruma həm azərbaycanlı, həm də xarici iştirakçılar qatılıb.
Edinburq Universitetinin Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Elmar Əmirov cəmiyyət adından çıxış edərək bildirib ki, oxuduqları ali təhsil ocağında bu ixtisaslar üzrə təhsil alan azərbaycanlıların sayı gündən-günə artır. Bu tendensiyanın tələbələrin texnologiya və mühəndislik sahələrinə yüksək marağının göstəricisi olduğunu diqqətə çatdırıb.
Tədbirdə “Meta” şirkətinin proqram təminatı mühəndisi (“Staff Software Engineer”) Tofiq Həsənov və dünyanın ən böyük kimya şirkətlərindən olan “INEOS”un proses mühəndisi Endryü Braun məruz ilə çıxış ediblər. Onlar öz peşə fəaliyyətləri, karyeralarının inkişafı haqqında ətraflı danışıblar.
İnteraktiv formatda davam edən tədbirdə iştirakçılarla çıxışçılar onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.
Belə tədbirlər tələbələrin müxtəlif sahələr üzrə mütəxəssislərlə akademik və peşəkar əlaqələr qurmasına, həmçinin onların gələcək karyera seçimlərinə müsbət təsir göstərir.
Məlumat üçün bildiririk ki, Edinburq Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin üzvlərinin əksəriyyəti Azərbaycan Respublikasının "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində təhsil alan gənclərdən ibarətdir.
18:10 09.04.2026
Oxunuş sayı: 42