Arif Acaloğlunun məzarındakı şifrə - Tanrı, Türk, Törə!
Bakının səssiz bir guşəsində Kəpənəkçi qəbiristanlığında iri, şəkillərlə bəzədilmiş qara başdaşlarından fərqli bir məzar var. O məzarın daşında cəmi üç söz yazılıb:
Tanrı, Türk, Törə!
Bu sözlər
ilk baxışda çox sadə görünür. Amma bir az dayanıb baxanda, insan
anlayır ki, burada sadəcə sözlər yox, bir ömrün səsi, bir ruhun izi, bir
inancın bütöv hekayəsi yatır. Sanki daş danışmaq istəyir, amma bunu səssizliklə
edir.
Tanrı var olana, amma görünməyənə bağlanmaq, varlığın dərinliyində bir işıq
axtarmaqdır. Tanrı insanın içində gizlənən o sonsuz
boşluğa uzanan bir duadı. Görünməyəni sevmək, anlamadığını
belə qəbul etmək, qaranlığın içində bir işıq olduğuna inanmaqdı.
Türk yaddaşın səsi, keçmişdən gələn nəfəs, kimliyini unutmağa qoymayan kökdür. Türk sadəcə bir ad deyil, yaddaşdı. Yalnız qanla axan deyil, həm də xatirələrlə axan bir yaddaşdı. Uzaqdakı yovşanlı çöllərin küləyi, qədim ocaqların istisi, nəsildən-nəslə keçən, ötürülən bir səsdi.
Törə isə o kökü ayaqda saxlayan, insanı özü ilə üz-üzə qoyan haqq və ədalətin ölçüsüdür. Nizam-tərəzidi. Törə insanın özünə verdiyi sözdü, özü ilə kəsdiyi əhdi-peymandı. Heç kimin görmədiyi yerdə belə doğru qalmaqdı, sükutun içində belə öz vicdanın səsini, əcdadların səsini eşitməkdi.
Bu üç söz birləşəndə, artıq ifadə yox, bütöv
bir həyat tərzi yaranır. İnancı ilə yaşayan, kimliyini qoruyan və doğru
bildiyindən dönməyən bir insanın səssiz andı kimi.
Və həmin bu məzar üç sözün içində yaşayan bir
ömrə məxsusdu.
Bu məzar Arif Acaloğluna aiddir.
Arif Acaloğlunun adı elmin, düşüncənin və
axtarışın içində çəkilən bir insan idi. O, sözlərin
arxasındakı mənanı, miflərin içində gizlənən yaddaşı, türk xalqların ruhunda yaşayan
görünməz bağları araşdırırdı. Onun üçün tarix sadəcə keçmiş deyildi. O, yaşayan
bir yaddaş, danışan bir dil idi. O, sadəcə bir
alim deyildi. O, görünən dünyanın arxasındakı görünməz qatları axtaran bir
yolçu idi.
Onun yolu kitab səhifələrindən keçib getmirdi yalnız, o yol miflərin
içindən, inancların kölgəsindən, unudulmuş ayinlərin sükutundan keçirdi. Türk
xalqlarının mifologiyasını araşdıranda, o sadəcə hekayələr toplamırdı, həm də
bütün türk xalqlarının yuxularını dinləyirdi.
Şamanizmi öyrənəndə isə keçmişə baxmırdı, insanın ruhunun ən qədim qatlarına
toxunurdu. Şaman davulu səslərinin altında gizlənən ürək döyüntüsünü, göy ilə
yer arasında qalan o incə bağları anlamağa çalışırdı.
Bəzən elə olurdu ki, o, alimdən çox bir dinləyiciyə
çevrilirdi. Sanki min illərin içindən gələn səslər ona nəsə pıçıldayırdı, o da
onları itirməmək üçün sözə çevirirdi.
Borçalıdan, Kəpənəkçi kəndindən başlayan ömür yolu onu Bakıya, oradan
Tartuya, Sankt-Peterburqa, daha uzaqlara Qafqazın dağlarına, Orta Asiyanın
çöllərinə, Sibirin sərt torpaqlarına apardı. O, mifləri oxuyurdu, amma əslində
insanı oxuyurdu. O, dastanları araşdırırdı, amma əslində yaddaşı dinləyirdi.
“Kitabi-Dədə Qorqud” onun üçün sadəcə bir mətn deyildi, türk xalqının
ruhunun danışığı idi. “Oğuznamələr”də zamanın
səsini eşidirdi. Hər simvol, hər obraz onun üçün bir qapı idi, keçmişdən bu günə açılan
qapı.
Arif Acaloğlu yalnız alim deyildi. O, yaşadığı dövrün ağrılarını daşıyan, həm
də, millətin taleyində söz sahibi olmağa çalışan bir insan idi. Azadlıq uğrunda
səslər yüksələndə, onun da səsi bu səslərin içində idi. Bildiklərini paylaşdı, yüzlərlə
tələbə yetişdirdi, düşüncəsini davam etdirən yollar açdı, öz oğlunu da inandığı
və getdiyi yola adadı.
Amma bütün bu axtarışların, bu yolların, bu sözlərin sonunda insan yenə
özünə qayıdır. İsdəsən də, isdəməsən də hər şey özünə dönür. Və bir gün, yol
dayanır, yol bitir.
Arif Acaloğlunun da yolu bir gün Bakıda, 2023-cü ildə ağır yol qəzasında qəfil və amansız bir şəkildə dayandı. Mən bu yazını yazandan bir gün sonra, yəni sabah Arif Acaloğlunun 70 yaşı tamam olacaq.
Bəlkə də, insanın ömrü
sözlərlə ölçülmür, amma bəzən üç söz bir ömrün özündən daha uzun yaşayır. O məzarın
üzərində yazılan Tanrı, Türk, Törə artıq təkcə bir insana aid deyil, o, yaddaşa çevrilib. Və zaman keçsə də, küləklər
dəyişsə də, o üç söz yenə eyni səssizliklə dayanacaq. Tanrıya bağlılıq, Türk
kimi yaddaş, Törə kimi düzlük yaşadıqca, Arif Acaloğlunun yolu da bitməyəcək.
11:00 09.04.2026
Oxunuş sayı: 1925