Gürcüstanlı soydaşımız FLEX proqramının qalibi olub
Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin müdavimi, eyni zamanda mərkəzin nəzdindəki Qardabani Gənclər Klubunun üzvü və Qardabaninin 3 nömrəli ictimai məktəbinin şagirdi Səmərqənd Həşimova “FLEX” (Future Leaders Exchange - Gələcək Liderlər Mübadiləsi) beynəlxalq proqramının qalibi olub. O, bu proqrama Kvemo Kartli bölgəsindən seçilən yeganə azərbaycanlı şagirddir.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Mərkəzin rəhbəri Çiçək Hüseynova şagirdi Səmərqənd Həşimovanın dərslərdə göstərdiyi yüksək nəticələr, fəallıq və bacarıqları ilə hər zaman fərqlənən biri olduğunu deyib. Onun sözlərinə görə bu nailiyyət həm mərkəz, həm də bütün bölgə üçün böyük sevinc və qürur mənbəyidir.
Səmərqənd Həşimovanın 2026-cı ilin iyul ayında Vaşinqton şəhərinə yola düşməsi gözlənilir.
Məlumat üçün bildirək ki, FLEX proqramı ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunur və qalib şagirdlər 1 il müddətində ABŞ-da təhsil alaraq liderlik bacarıqlarını inkişaf etdirirlər.
18:57 07.04.2026
Oxunuş sayı: 51