İran: Hücum olsa, cavab dərhal veriləcək
İran rəsmiləri ABŞ Prezidenti Donald Trampa yönəlik kəskin bəyanatla çıxış ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi “X” platformasında bildirib ki, əgər Tramp İranın mülki infrastrukturuna qarşı hücum təhdidlərini həyata keçirərsə, o, “super müharibə cinayətkarı” kimi tarixə düşəcək.
Qəribabadi vurğulayıb ki, Tehran istənilən hücum və ya təhdidə dərhal cavab verməyə hazırdır. Onun sözlərinə görə, İranın ərazi bütövlüyünə qarşı güc tətbiqi Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin açıq pozuntusudur və Baş Assambleyanın 3314 saylı qətnaməsinə əsasən təcavüz hesab olunur.
Diplomat əlavə edib ki, İran özünü müdafiə hüququndan istifadə edərək, BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində istənilən hücuma və ya qaçılmaz təhdidə “qətiyyətli və dərhal” cavab verəcək.
Rəsmi Tehran ABŞ prezidentini bu cür addımların “çox geniş nəticələrə səbəb ola biləcəyi” barədə xəbərdar edərək, belə addımlardan çəkinməyə çağırıb.
16:07 06.04.2026
Oxunuş sayı: 55