Türkiyənin səfiri Oslo Azərbaycan Evinin qonağı olub
Xaricdəki Azərbaycan Evləri ölkəmizin zəngin mədəni irsini, qədim tarixini və milli-mənəvi dəyərlərini tanıtmaqla yanaşı, Azərbaycana dost münasibət bəsləyən icmalarla, rəsmi şəxslərlə və diaspor nümayəndələriylə görüş yeridir. Belə görüşlərdən biri də Türkiyənin Norveçdəki səfiri xanım Gülin Dinç ilə Oslo Azərbaycan Evində keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Səfir əvvəlcə Azərbaycan Evinin nəzdindəki Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin dərsində iştirak edib. Şagirdlərlə səmimi söhbət apararaq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Məktəblilər isə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan mahnılar ifa edib, vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Gülin Dinç daha sonra soydaşlarımızla görüşərək Norveçdəki Azərbaycan və türk icmalarının sıx əməkdaşlığını və qarşılıqlı dəstəyini yüksək qiymətləndirib. O, Azərbaycan Evinin qonaq kitabına ürək sözlərini yazıb.
Məlumat üçün bildirək ki, hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi fəaliyyət göstərir. Eyni zamanda, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi mövcuddur. Bu məktəblər Azərbaycan Evlərində, digərləri isə diaspor təşkilatlarının və mədəniyyət mərkəzlərinin nəzdində və ya müstəqil şəkildə fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir.
17:43 03.04.2026
Oxunuş sayı: 164