Quba rayonunda “Tarixi yaddaşımızda 31 Mart soyqırımı” mövzusunda konfrans keçirilib
Martın 31-də Quba Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Quba, Yasamal və Səbail rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixi yaddaşımızda 31 Mart soyqırımı” mövzusunda konfrans keçirilib.
Quba rayon Heydər Əliyev Mərkəzində baş
tutan konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yasamal
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan
Partiyası Quba, Yasamal və Səbail rayon təşkilatlarını sədrləri Fidan
Hüseynova, Bəxtiyar Nəbiyev, Muxtar Nağıyev, Azərbaycan Respublikası Milli Məclisinin
deputatları Göydəniz Qəhrəmanov, Müşfiq Məmmədli və Əlibala Məhərrəmzadə, Bakı
Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr
üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev, AMEA Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri Sənan Həsənov, Quba Rayon İcra Hakimiyyəti, Yasamal
Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Quba, Yasamal və Səbail rayon
təşkilatlarının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri,
Partiya veteranları, Quba, Yasamal və Səbail rayonun ictimaiyyəti, ziyalılar və
fəal gənclər iştirak edib.
Konfrans
iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət
parkında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb,
xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ümumilli
Liderin zəngin həyat və fəaliyyətini özündə əks etdirən sərgiyə foto sərgiyə
baxış keçirilib.
Konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın
ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.
Ardınca soyqırımı qurbanlarına həsr
olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər son 200 il ərzində azərbaycanlılara
qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin
xronologiyasını geniş şəkildə təqdim ediblər. Bildirilib ki, bu faciələr azərbaycanlılara
qarşı aparılan sistemli və kütləvi qırğın siyasətinin tərkib hissəsi olub.
Natiqlər qeyd ediblər ki, XIX əsrin 90-cı illərində, 1905–1907 və 1915–1920-ci
illərdə Gəncə, Quba, Lənkəran, Şamaxı, Naxçıvan, Bakı, Kürdəmir kimi
regionlarda azərbaycanlılar erməni terrorçuları tərəfindən kütləvi qırğınlara məruz
qalıb. O, illərdən uzun zaman keçməsinə baxmayaraq, tarixçilər və arxeoloqlar
kütləvi insan qırğınlarının şahidi olan onlarla məzarlığı üzə çıxarıblar. Azərbaycan
dövlətinin təşəbbüsü ilə Quba, Şamaxı, Gəncə və digər bölgələrdə memorial
komplekslər yaradılıb, çoxsaylı əsərlər, məqalələr yazılıb və abidələr
ucaldılıb. Natiqlər vurğulayıblar ki, xalqımıza qarşı törədilmiş soyqırımların
hüquqi-siyasi qiymətləndirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz
rolu olub. Məhz onun 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların
Soyqırımı Günü elan edilib. Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən
Quba Soyqırımı Memorial Kompleksi isə bu qanlı cinayətin dünyaya tanıdılmasında
mühüm rol oynayır. Həmçinin, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fond Azərbaycan
həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib fəaliyyət göstərir.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən
Fond ölkə daxilində və xaricində bu istiqamətdə bir çox əhəmiyyətli layihələri
həyata keçirir. Konfransda qeyd olunub ki, erməni vandalları xalqımıza qarşı nə
qədər qəddar və amansız hərəkətlər etsələr də, Azərbaycan xalqının mətinliyi, Vətən
sevgisi və milli birliyi sarsıdılmayıb. Bu birlik və səfərbərlik Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclü və iradəli ordumuz 44
günlük Vətən müharibəsində erməni terrorçularına layiqli cavab verdi,
torpaqlarımız işğaldan azad olundu. Bu gün biz öz ərazi bütövlüyümüzü və
suveren hüquqlarımızı bərpa etmişik. Lakin xalqımızın yaşadığı tarixi faciələr
heç vaxt unudulmamalıdır. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən
şanlı səhifələridir, qan yaddaşımızdır. Sonda vurğulanıb ki, xalqımıza qarşı
törədilmiş bu kimi cinayətlərin unudulmaması, gələcək nəsillərə düzgün şəkildə
çatdırılması və beynəlxalq aləmdə obyektiv təqdim olunması hər bir vətəndaşın mənəvi
borcudur.
Konfrans Yeni Azərbaycan Partiyasının
himninin səsləndirilməsi ilə başa çatıb, xatirə şəkli çəkdirilib.
Sonra Şəhidlər Xiyabanı ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi naminə torpaqlarımızın işğaldan azad olunması üçün canından keçmiş qəhrəmanların xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb. Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi” ziyarət olunaraq abidə önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının ruhuna dualar oxunub. Sonda ağacəkmə aksiyası həyata keçirilib.
14:23 01.04.2026
Oxunuş sayı: 78