Rəşad Eyyubov: Millinin futbolçuları nəyə qadir olduqlarını meydanda nümayiş etdirdilər
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Bolqarıstana qarşı keçirilən matçda nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirib.
Crossmedia.az xəbər verir ki, bunu U-21-in baş məşqçisi Rəşad Eyyubov sözügedən oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
O, qolsuz başa çatan qarşılaşmanı şərh edib:
"Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər. Onlar nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət, əsasən, bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik".
Qeyd edək ki, Azərbaycanın U-21 yığması qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.
22:47 31.03.2026
Oxunuş sayı: 53