Fərid Qayıbov: “Qarşıda daha böyük hədəflər var”
“İdman həftəsi” ilə başlanan və Azərbaycan idmanı üçün əlamətdar olan daha bir ayı geridə qoyduq. Bədən Tərbiyəsi və İdman Günü olaraq qeyd etdiyimiz 5 mart günü Ulu Öndərimiz Heydər Əliyevin 1995-ci ildə Azərbaycan idman ictimaiyyəti ilə ilk və tarixi görüşünə təsadüf edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə artıq 20 ildən çoxdur ki, həmin gün idman ictimaiyyətimizin peşə bayramına çevrilib.
Crossmedia.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov mart ayını dəyərləndirərkən deyib.
“İdman həftəsi” Bakıda Məşqçilərin I Forumu ilə başlayıb. İlk dəfə təşkil edilən Forum yerli və xarici mütəxəssislərin iştirakı ilə maraqlı və səmərəli müzakirələrlə keçib:
“İdman Paytaxtı”mız Qazaxda keçirilən idman paradı möhtəşəm anlarla yadda qaldı. Bütün idman federasiyaları və qurumlarının keçdiyi paradda müxtəlif idman növləri nümayiş etdirildi, idmançılar və idmansevərlər fəal iştirak etdilər. Açılış mərasimində “İdman Paytaxtı”nın rəmzi açarını Qəbələdən təhvil alaraq Qazaxa təqdim etdik. “İdman Paytaxtı” layihəsinin uğurlu startına göstərilən dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinə təşəkkür edirəm. Paytaxtda və ölkənin digər rayonlarında “İdman həftəsi” çərçivəsində media nümayəndələrini, ahıl şəxsləri, şəhid və qazi övladlarını, tələbələri və digər kateqoriyaları əhatə edən müxtəlif tədbir və yarışlar keçirildi”.
O, sayca 55-ci “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, idman federasiyaları ilə ənənəyə çevrilmiş 25-ci görüş baş tutub:
“Görüşdə görülən işləri və qarşıda duran vəzifələri birgə müzakirə etdik. Beynəlxalq arenada uğur qazanan idmançılarımızla da növbəti görüşümüzü keçirdik və onların qələbə təəssüratlarını dinlədik. Vətəndaş qəbulu çərçivəsində isə bu dəfə Şirvan şəhərində Hacıqabul və Şirvan sakinlərini qəbul etdik”.
Nazir vurğulayıb ki, “Şahdağ” Turizm Mərkəzində xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku keçirilib:
“Həmçinin “Dünyanın İdman Paytaxtı” Bakıda idman gimnastikası üzrə Dünya Kuboku, eləcə də, idman federasiyalarımızla birgə “İçərişəhər”də müxtəlif idman növlərinin, dənizdə isə su idman növlərinin təqdimatı təşkil edildi”.
Qayıbov bildirib ki, ay ərzində müxtəlif növlərdə idmançılarımız qitə və dünya miqyaslı yarışlardan Vətənə çoxsaylı qələbələrlə qayıdıblar:
“Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə FİBA Çempionlar Kubokunda milli komandamızın güclü ABŞ yığmasına qalib gələrək finala yüksəlməsi və gümüş medal qazanmasını xüsusi qeyd etmək istəyirəm. İdman federasiyalarının fəaliyyətinin təkmilləşdirilməsi inkişaf üçün vacib amillərdəndir. Ay ərzində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adını dəyişərək Azərbaycan Su İdmanı Növləri Federasiyasına çevrildi. Azərbaycan Yelkən Federasiyası da ləğv olunaraq bu federasiyaya qoşuldu. Yenidən keçirilən seçki ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasına prezident seçilən Vüqar Əhmədovu təbrik edirəm. Yeri gəlmişkən, Azərbaycan Su İdmanı Növləri Federasiyası ilə əməkdaşlıq çərçivəsində Avropa Kanoe Assosiasiyasının nümayəndəliyi ilk dəfə Bakıda açıldı. Həmçinin Azərbaycan İdman Rəqsləri Federasiyasına da yeni seçilmiş prezidenti Əli Həşimlinin rəhbərliyi altında uğurlar arzulayıram”.
Nazir qeyd edib ki, növbəti Kollegiya iclasında Ülviyyə Fətəliyeva, Vəfa Musayeva, Aynur Yusufova, Dadaş Dadaşbəyli və Elçin Əsədov yeni idman səfirlərimiz, həmçinin Yevlax şəhəri 2027-ci il üçün “İdman Paytaxtı”mız seçilib:
“Bu münasibətlə yeni idman səfirlərimizi və “İdman Paytaxtı”nın sakinlərini təbrik edirəm. Fransa paytaxtına səfərim çərçivəsində UNESCO-nun Mənzil-Qərargahında İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun birinci rəsmi iclasına sədrlik etdim. Beynəlxalq tədbirlərdə ölkəmizi müxtəlif forum, müsabiqə və digər tədbirlərdə təmsil etmiş gənclərlə keçirilən görüşdə onların qazandıqları təcrübələr barədə fikir mübadiləsi apardıq. Yaponiya, Türkiyə, ABŞ, Danimarka, Yunanıstan, Vyetnam, İsveçrə və Koreyada keçirilən tədbirlərdə ölkəmizi layiqincə təmsil etmiş gənclərimizi təbrik edir və fəaliyyətlərinin davamlılığını arzulayıram”.
Qayıbovun sözlərinə görə, Azərbaycan könüllülərinin “Könüllü Baharı 2” yaz düşərgəsi, “The WeekEND III - Tələbə Klubları” düşərgəsi, “Menecer səriştələrinin inkişafı” mövzusunda təlim düşərgəsi, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Bizim şəhərlər: Gənclərin baxışı” düşərgəsi, eləcə də gənclərin şəbəkələşməsi və inkişafı üçün mühüm rol oynayan bir sıra digər tədbirlər ay ərzində davam edib:
“İnanıram ki, baharın gəlişi və təbiətin yenidən canlanması yeni qələbələrin simvolu olacaq. Çünki qarşıda daha böyük hədəflər dayanır. Şübhəsiz ki, idmançılarımızın nailiyyətləri və gənclərimizin yaradıcı fəallığı bu strateji yolda əsas stimul rolunu oynayacaq”.
13:46 31.03.2026
Oxunuş sayı: 39