Dünya xalqları soyqırımların əleyhindərir: 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Azərbaycan tarixində unudulmaz, əbədi olaraq yaddaşlara həkk olunan günlər, tarixin səhifəsindən silinməz anlar çoxdur. Təəssüf ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırım aktları ilə dolu səhifələr də yazılıb. Xalqımız tarixinin bütün mərhələlərində öz torpağını, dövlətini və dövlətçiliyini qorumaq üçün hər zaman əzab-əziyyətə məruz qalıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirdilər, diri-diri yandırdılar, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da bu soyqırımın qurbanı oldular.
Azərbaycanlılara qarşı yürüdülən bu soyqırım aktına ilk dəfə siyasi qiymət vermə cəhdi Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra olunmuşdur. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. Millətçi-separatçı ermənilərin Azərbaycanda başlatdığı hərbi cinayətlərin nəticəsi olaraq minlərlə soydaşımız şəhid oldu, bir milyondan çox insan öz doğma yurd-yuvalarından didərgin salındı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılırdı, xalqımızın tarixinin əbədi yaşaması üçün əməli tədbirlər həyata keçirildi.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Sözügedən Fərmanla soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Eyni zamanda, həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ümummilli Liderin vurğuladığı kimi, “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən böyük işlər, əsası qoyulan uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də ləyaqətlə davam etdirilir. Ölkə başçısının 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verilmişdir. Ümumi sahəsi 3,5 hektarolan və 5 hissədən ibarət kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır.
Qeyd edim ki, BMT-nin 9 dekabr 1948-ci il tarixində “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” qəbul ounan Konvensiyasına əsasən milli, etnik, irqi qrupları tam və ya qismən məhv etmə niyyəti ilə törədilən hərəkətlər beynəlxalq hüquqa görə cinayət sayılır.
31 mart soyqırımı bəşəriyyət tarixində bir cinayət, faciə kimi qalmaqla yanaşı, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Xüsusilə, İkinci Qarabağ-Vətən Müharibəsində Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin tapşırığını yerinə yetirən müzəffər Azərbaycan Ordusunun qəhrəman övladları xalqımıza qarşı törədilmiş bütün vəhşiliklərin, soyqırımların qisasını aldı.
Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci ilin 10 noyabr tarixində Rusiya Federasiyası Prezidentinin iştirakı ilə üçtərəfli Bəyanatın, 08 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə üçtərəfli Bəyannamənin imzalanması və Sülh Sazişinin müddəalarının paraflanması xalqımızın uzun illər ərzində məruz qaldığı ədalətsizliklərə son qoydu.
Bu gün isə dünya siyasi arxitekturasının yeniləndiyi bir dövrdə Azərbaycan uğurla öz sülhsevər missiyasını həyata keçirir. Ölkəmiz müstəqilliyini, bərpa etdiyi suverenliyi və ərazi bütövlüyünü qoruyur, doğma Qarabağımızda türkdilli dövlətlərin, digər tərəfdaş ölkələrin yardımı ilə müasir çağırışları tətbiq edərək sürətlə yenidənqurma işləri aparmaqla, Cənubi Qafqazda sülh, əmin-amanlıq, təhlükəsizliyi təmin edir.
Beləliklə, Azərbaycan yeniləşən dünyamızda mövqeyini bərkitməklə bizə dost olan istər qonşu, istərsə də dünya dövlətləri ilə birlikdə xalqlar üçün rifah içində gələcək qurmağa çalışır.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı
14:10 30.03.2026
Oxunuş sayı: 55