Bakı bir yağışlıq şəhərdir?
Bakıxanov qəsəbəsi yenə eyni taleyi yaşadış Küçələr yoxa çıxır, asfaltın yerini palçıqlı su alır, şəhər isə bir neçə saatın içində iflic vəziyyətinə düşür. Bu artıq sistemin açıq iflasıdır.
Bakıxanov məhkəməsinin qarşısı su altındadır. Bura, sadəcə bir məkan deyil, bura ədalət mərkəzidir-məhkəmədir. Burada yalnız küçələr yox, ədalət hissi də “boğulur”. İnsanlar suyun içində yol axtarır, maşınlar batır, piyadalar səkidən yox, gölməçələrdən keçməyə məcbur qalır. Paytaxtın ortasında bu mənzərə artıq utancverici deyilmi?
İnsanlar bu şəhərdə yaşamaq üçün hər gün daha çox pul ödəyir. Bahalaşan həyat, artan xərclər, kreditlə alınan avtomobillər… Amma nəticə nədir? Bir yağış kifayətdir ki, bahalı maşınlar suyun içində qalsın. Mühərriklər sıradan çıxır, texniki problemlər yaranır, yüzlərlə, bəzən minlərlə manatlıq ziyan ortaya çıxır. Bu ziyanı kim qarşılayır? Heç kim. Vətəndaş özü.
Və bu hələ harasıdır…
Paytaxtın bəzi ərazilərində problem təkcə küçə səviyyəsində qalmır. Həyətlər su altında qalır, zirzəmilər dolur, bəzi evlərdə insanlar qapıdan çıxa bilmir. Bu artıq “yağış problemi” deyil – bu, insanların həyat keyfiyyətinə birbaşa zərbədir. Elementar infrastruktur yoxdur.
Əslində problem çoxdan məlumdur. Hər il eyni nöqtələr su altında qalır. Eyni küçələr, eyni yollar, eyni həyətlər. Bu, gözlənilməz hadisə deyil, dəqiq bilinən, illərlə təkrarlanan problemdir. Amma buna baxmayaraq, nə ciddi yenilənmə var, nə də köklü həll. Sual yaranır: bu şəhərdə planlama varmı ümumiyyətlə? Yollar çəkiləndə drenaj sistemi nəzərə alınırmı? Yoxsa əsas məqsəd sadəcə asfalt töküb “iş görülüb” görüntüsü yaratmaqdır?
Çünki normal şəhərdə yağış həyatın adi bir hissəsidir. İnsanlar işlərinə davam edir, nəqliyyat işləyir, küçələr batmır. Hətta yağış yağarkən sevinən insanlar var. Çünki onlarda vəziyyət bərbad deyil. Bizdə isə yağış fövqəladə hadisəyə çevrilir. Sanki şəhər buna hazır deyil – hər dəfə qəfil yaxalanır. Bu isə artıq texniki məsələ deyil. Bu, məsuliyyət problemidir. Bu, vətəndaşa münasibətin göstəricisidir. Ən təhlükəlisi odur ki, insanlar buna öyrəşir. “Yağış yağdısa, küçə batacaq” düşüncəsi normaya çevrilir. Halbuki bu, normal deyil və olmamalıdır.
Bakı inkişafdan, müasirləşmədən danışır. Yeni binalar, yeni layihələr, böyük investisiyalar… Amma bütün bu “inkişaf” bir damcı yağışın qarşısında aciz qalırsa, deməli ortada ciddi problem var. Çünki şəhəri güclü edən binaların təzəliyi, müasirliyi yox, işləyən infrastrukturdur.
Hər yağış yağanda, ayağına salafan keçirib, sanki dənizi örtməyə çalışırmış kimi işə getməyə çalışan əhali nə etsin? İnsanlar həyatlarını riskə atmalı, maşınlarını, evlərini qorumağa çalışmalıdır,.
Maraqlıdır, bu şəhər nə vaxt yağışdan qorxmayan şəhərə çevriləcək?
Fatimə
11:29 30.03.2026
Oxunuş sayı: 66