Deputatın təklifi gündəm oldu: Həmkarı razılaşdı, ekspert qarşı çıxdı - Müəllimlərlə bağlı nə dəyişəcək?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, müəllimlərin sertifikasiyadan iki dəfə keçmələri kifayətdir.
O bildirib ki, incəsənət sektorunda beynəlxalq müsabiqə qaliblərinin sertifikatlaşdırmadan azad edilməsi məqsədəuyğun olardı:
"Eyni zamanda, Əmək Məcəlləsinin 67-ci maddəsində üç dəfə deyil, ən azı iki dəfə sertifikatlaşdırmadan keçmiş şəxslərin sertifikatlaşdırmaya cəlb olunmamasını təklif edərdim. Razılaşaq ki, iki dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli təhsil vermək üçün kifayət edir".
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova qeyd olunan fikirlərlər bağlı Crossmedia.az-a danışıb: "Təhsil sistemində keyfiyyətin artırılması məqsədilə tətbiq olunan sertifikatlaşdırma imtahanları son illərdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Bu müzakirələrdə əsas sual dəyişməz qalır: ölçü harada bitir, etimad harada başlayır?

Milli Məclisdə səsləndirilən son təkliflər, konkret olaraq həmkarım Vüqar Bayramovun çıxışı bu sualı yenidən gündəmə gətirdi. İddia sadədir, amma düşündürücüdür: əgər bir müəllim iki dəfə sertifikatlaşdırmadan uğurla keçibsə, onun peşəkarlığını üçüncü dəfə sübut etməyə məcbur qalması nə dərəcədə məntiqlidir? Doğrudanmı, təcrübə və bilik hər üç ildən bir yenidən imtahan masasına qoyulmalıdır?
Dünya praktikasına nəzər saldıqda fərqli yanaşmalar görürük. Bir çox ölkələrdə müəllimlərin qiymətləndirilməsi təkcə test nəticələrinə bağlanmır. Portfel qiymətləndirməsi, sinif müşahidələri, şagird nəticələri və davamlı peşəkar inkişaf kimi çoxşaxəli mexanizmlər tətbiq olunur. Sertifikatlaşdırma isə daha çox ilkin və ya mərhələli təsdiq funksiyası daşıyır, sonsuz təkrarlanan prosedura çevrilmir. Çünki təhsildə əsas məsələ müəllimi daim “imtahan verən subyekt” kimi deyil, inkişaf edən peşəkar kimi görməkdir".
O bildirib ki, bu kontekstdə “iki dəfə kifayət edir” yanaşması emosional deyil, rasional səslənir: "İki uğurlu sertifikasiya – bu, artıq sistemin həmin müəllimə müəyyən etimad göstərməsi deməkdir. Üçüncü, dördüncü yoxlamalar isə daha çox bürokratik təkrara bənzəyir və müəllimin enerjisini əsas missiyasından – öyrətməkdən yayındıra bilər.
Digər tərəfdən, maaş artımı ilə bağlı mövcud mexanizmlər də ədalətlilik baxımından suallar doğurur. 1 bal fərqinə görə 10 faizlə 35 faiz arasında uçurum yaranması yalnız texniki uyğunsuzluq deyil, həm də motivasiya sistemində ciddi çat deməkdir. Müəllim 50 bal topladıqda “yaxşı”, 51 bal topladıqda isə birdən-birə “əla” hesab edilirsə, bu artıq qiymətləndirmənin incəlikdən çox kəskinlik üzərində qurulduğunu göstərir.
Beynəlxalq təcrübədə belə kəskin sıçrayışlardan qaçmağa çalışılır. Daha çox diapazon əsaslı qiymətləndirmə tətbiq olunur ki, bu da həm ədaləti, həm də motivasiyanı qoruyur. 80 faiz və üzəri nəticələr üçün yüksək maaş artımı təklifi məhz bu baxımdan daha balanslı görünür. Çünki bu yanaşma bir balın taleyüklü rolunu aradan qaldırır və ümumi performansı önə çəkir.
Burada daha bir mühüm məqam var: incəsənət sahəsində çalışan müəllimlər. Onların fəaliyyətini sırf test imtahanları ilə ölçmək, ən azı mübahisəlidir. Beynəlxalq müsabiqə qalibləri, tanınmış sənətçilər və praktik təcrübəyə malik pedaqoqlar üçün alternativ qiymətləndirmə mexanizmlərinin tətbiqi daha məqsədəuyğun olardı. Sənət sahəsində uğur çox vaxt kağız üzərində deyil, səhnədə, sərgidə və yaradıcılıq mühitində ölçülür.
Sertifikatlaşdırma sistemi təhsildə keyfiyyətin təminatı üçün vacib alətdir. Amma hər alət kimi onun da ölçüsü olmalıdır. Həddindən artıq tətbiq edildikdə faydadan çox yorğunluq yaradır, etimadı gücləndirmək əvəzinə şübhə formalaşdırır.
Əsl sual budur: biz müəllimlərə inanmaq istəyirik, yoxsa onları daim sınamaq? Cavab bu gün verilən qərarların ruhunda gizlidir".
Məsələyə həmçinin Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov da öz münasibətini bildirib:
"Təsəvvür edək ki, parlamentdə təmsil olunan 125 deputatın hər birinin bu məsələ ilə bağlı fərqli və özünəməxsus mövqeyi ola bilər. Bu, təbiidir və demokratik mühitin göstəricisidir. Lakin hesab edirəm ki, təhsillə bağlı məsələlərdə bu sahənin mütəxəssislərinin fikirləri daha obyektiv, faydalı və dəyərli kimi qiymətləndirilməlidir. Vüqar müəllimi şəxsən tanıyıram və onu yüksək peşəkarlığı ilə seçilən iqtisadçı kimi dəyərləndirirəm. Eyni zamanda, o, iqtisad üzrə fəlsəfə doktorudur və elmi fəaliyyətlə məşğuldur. Bu baxımdan, onun təhsil və müəllimlərlə bağlı fikir bildirməyə tam əsaslı haqqı olan mütəxəssis olduğunu düşünür və mövqeyinə hörmətlə yanaşıram.

Vüqar müəllimin müəllimlərin sertifikasiyadan iki dəfə keçirilməsi ilə bağlı fikrinə münasibət olaraq hesab edirəm ki, bu yanaşma daha çox yüksək nəticə göstərmiş müəllimlərə tətbiq oluna bilər. Yəni, artıq özünü təsdiq etmiş və yüksək nəticə əldə etmiş müəllimlər üçün bu mexanizmin tətbiqi daha məqsədəuyğun olar.
Ümumiyyətlə, əgər ölçmə və qiymətləndirmə mexanizmləri təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edirsə, bu, məqsədə nail olunması kimi dəyərləndirilə bilər. Lakin müəllimlərə yalnız sertifikasiya və imtahan prizmasından yanaşmaq, onlara etimadsızlıq göstərilməsi kimi qəbul oluna bilər ki, bu da düzgün yanaşma deyil.
Digər mühüm məsələ diferensial yanaşmanın tətbiqidir. Hesab edirəm ki, müəllimlərin nəticələri arasında ciddi fərqlər nəzərə alınmalı və qiymətləndirmə buna uyğun qurulmalıdır. Məsələn, 50 bal ilə ondan xeyli aşağı nəticə arasında ciddi fərq var və bu fərq qiymətləndirmədə əks olunmalıdır.
Mənim fikrimcə, sertifikasiya nəticələrinin qiymətləndirilməsi 10 ballıq şkala üzrə aparılsa, daha ədalətli və obyektiv olar. Minimum keçid balını toplamış müəllimdən başlayaraq, hər növbəti 10 bal aralığında diferensial qiymətləndirmə tətbiq edilməsi məqsədəuyğundur".
O, söyləyib ki, qaydaların dəyişdirilməsi və yeni qərarların qəbul edilməsi mütləq şəkildə əsaslandırılmış olmalıdır: "Məsələn, 50 bal toplamış müəllimlə 51 bal toplamış müəllim arasında kəskin və avtomatik fərqin yaradılması (məsələn, əməkhaqqı və ya status baxımından) nə məntiqidir, nə də ədalətlidir. Bu cür yanaşmalar əsassız və qəbuledilməzdir.
Eyni zamanda qeyd etmək istəyirəm ki, Vüqar müəllimin yanaşması yalnız sertifikasiya ilə məhdudlaşmır, o, həm də sertifikasiyadan sonrakı qiymətləndirmə məsələlərini əhatə edir. Bu baxımdan hesab edirəm ki, qiymətləndirmə meyarları və şkalaları düzgün və dəqiq müəyyənləşdirilməlidir.
Nəticə etibarilə, minimum keçid balını toplamış hər bir müəllim üçün növbəti 10 ballıq aralıqlar üzrə ayrıca qiymətləndirmə mexanizmi tətbiq olunmalıdır ki, bu da daha ədalətli və effektiv nəticələr verə bilər".
Elmir Heydərli
11:38 23.03.2026
Oxunuş sayı: 63