Keçmiş məcburi köçkünlərin qayıtması regionun etnik və sosial strukturunu bərpa edir - Rəy
Artıq altı ildir ki, milli bayramımız olan Novruz bayramı ərəfəsində cənab Prezident işğaldan azad olunmuş ərazilərimizdə bayram tonqalı alovlandırdı. Xocavənd rayonunun Xanoba kəndinə səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada yeni qayıdan sakinlərlə görüşdü. Səfər zamanı həm infrastruktur layihələri ilə tanışlıq, həm də sakinlərlə birbaşa ünsiyyət “Böyük Qayıdış” strategiyasının uğurla və konkret layihələr əsasında icra edildiyini təsdiqləyir. Xanobanın timsalında azad olunmuş ərazilərin mövcud mənzərəsi burada tam idarəetmə və təhlükəsizliyin təmin edildiyini göstərir.
Xanoba kəndi 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror əməliyyatı zamanı azad olunub. Qısa vaxtda burada bərpa-quruculuq işləri həyata keçirildi və sakinlərin təhlükəsiz, firavan yaşaması üçün hər cür şərait yaradılıb. Bir neçə gün əvvəl bu kəndə ilk köç karvanı yola salındı. Xanoba sakinləri artıq burada məskunlaşıb və ölkə başçısının Xocavənd səfərinin ən diqqətçəkən tərəfi cənab Prezidentin sakinlərlə səmimi dialoqu idi. Dövlət başçımız uzun illər məcburi köçkün həyatı yaşamış insanların əzab və sınaqdan keçdiyini xüsusi vurğuladı, tarixi torpaqlarımızın işğaldan azad olunmasını ədalətin bərpası kimi dəyərləndirdi. Qeyd etdi ki, “biz öz milli qürurumuzu, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.” 6 ildir Qarabağ və Şərqi Zəngəzura yeni həyat qayıdır, artıq burada 80 mindən çox insan yaşayır, işləyir və təhsil alır.
Bu proqram həm humanitar, həm də genişmiqyaslı dövlət quruculuğu layihəsidir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıtması regionun etnik və sosial strukturunu bərpa edir.
Ümumiyyətlə, “Böyük Qayıdış” proqramı həm demoqrafik bərpanı, həm də iqtisadi inteqrasiyanı təmin edir. Paralel olaraq keçmiş məcburi köçkünlərin sosial rifahı da təmin olunur, əhalinin məşğulluq məsələləri də həllini tapıb.
Nəticə etibarilə Qarabağ və Şərqi Zəngəzurun bərpası nəticəsində həm dövlətin gücü, həm sosial siyasətin praktik nəticələri, həm də gələcəyə yönəlmiş inkişaf strategiyası paralel şəkildə nümayiş olunur.
Milli Məclisin deputatı Nigar Məmmədova
17:13 19.03.2026
Oxunuş sayı: 35