Ermənistan Rusiyanın təsiri altında fəaliyyət göstərir- "Gözə kül üfürülür"?
2026-cı ilin ilk iki ayında Azərbaycanın xarici ticarət göstəricilərində diqqətçəkən dəyişikliklər müşahidə olunub. Xüsusilə region ölkələri ilə iqtisadi əlaqələr fonunda Azərbaycan-Ermənistan ticarət münasibətləri yenidən diqqət mərkəzinə düşüb. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, yanvar-fevral aylarında Azərbaycanın Ermənistana ixracı məhdud həcmdə olsa da davam edib, eyni zamanda ümumi xarici ticarət dövriyyəsində azalma qeydə alınıb. Buna baxmayaraq, xarici ticarət balansında müsbət saldo formalaşaraq iqtisadi sabitliyin göstəricisi kimi çıxış edib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, Azərbaycan İkinci Qarabağ savaşında möhtəşəm qələbə əldə edərək ərazi bütövlüyünü və suverenliyini bərpa edib:

"Eyni zamanda biz Ermənistana da bir şans tanıdıq ki, onlar da öz suverenliklərini bərpa etsinlər. Ermənistan hələ də Rusiyanın təsiri altında fəaliyyət göstərir və iqtisadi, hərbi baxımdan Moskvadan asılıdır. Rusiyanın hərbi bazası orada yerləşir və Ermənistan regionda Rusiyanın təsir dairəsində olan dövlət kimi fəaliyyətini davam etdirir".
A. Əlizadə qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi layihələr, xüsusilə Zəngəzur dəhlizinin açılması, Ermənistana tranzit ölkəyə çevrilmək şansı verir: "Müharibədən dərhal sonra Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflə çıxış etdi. Prezident İlham Əliyev bu təklifi irəli sürdü və regionda münasibətlərin normallaşması üçün ciddi addımlar atıldı. Ötən il Qazaxıstana səfər zamanı Azərbaycan üzərindən Ermənistana yük daşımalarına qoyulan məhdudiyyət aradan qaldırılıb və Qazaxıstan taxılı Azərbaycan və Gürcüstan üzərindən Ermənistana çatdırılıb. Bununla yanaşı, Azərbaycandan Ermənistana neft və neft məhsulları, o cümlədən benzin göndərilir: "Qarşılıqlı ticarət əlaqələrinin qurulması istiqamətində də ilk addım Azərbaycan tərəfindən atılıb. Məqsəd regionda dayanıqlı sülh və sabitliyə nail olmaqdır".
O, vurğulayıb ki, Azərbaycan nümunə göstərir və gözləyir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin, konstitusiyasından əsassız ərazi iddialarını çıxarsın və yekun sülh müqaviləsinin imzalanmasına mane olan şərtləri aradan qaldırsın: "Regionda dayanıqlı sülhə nail olmaq üçün Ermənistan adekvat addımlar atmalıdır. Bölgədə siyasi, hərbi və iqtisadi baxımdan lider dövlət olan Azərbaycan üçün dayanıqlı sülhün təmin olunması prioritetdir. Ermənistan daxilində revanşist fikirli qruplar aradan qaldırılmalıdır. Zəngəzur dəhlizi istifadəyə verilsin, kommunikasiya xətləri açılsın. Bu, Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması Ermənistan iqtisadiyyatına böyük töhfə verə bilər".
Deputat bildirib ki, Azərbaycanın uzunmüddətli strategiyası qonşu dövlətlərlə normal münasibətlər qurmaq və onları dinamik şəkildə inkişaf etdirməkdir: "Atdığımız addımlar regiona böyük iqtisadi və siyasi dividendlər qazandırmaq məqsədinə yönəlib".
Mehriban Yariyeva
15:18 19.03.2026
Oxunuş sayı: 55