Novruz tonqalları və yanğın riskləri - təhlükəsizlik ekspertindən vacib məlumatlar
Novruz bayramının gəlişi ilə şəhər artıq bayram ab-havasına bürünüb. Küçələrdə, həyətlərdə tonqallar qalanır, insanlar qədim ənənələri yaşatmağa çalışır.
Tonqal ətrafında toplaşmaq, onun üzərindən tullanmaq bu bayramın ən sevilən və simvolik adətlərindən biridir. Lakin unutmamaq lazımdır ki, bu gözəl ənənə ilə yanaşı müəyyən təhlükələr də mövcuddur.
Açıq alov mənbəyi olan tonqallar ehtiyatsızlıq zamanı ciddi xəsarətlərə, hətta yanğın hadisələrinə səbəb ola bilər.
Xüsusilə, sıx yaşayış yerlərində və nəzarətsiz şəraitdə yandırılan tonqallar riskləri daha da artırır.
Məhz buna görə də, bayram sevincini təhlükəsiz şəkildə yaşamaq üçün müəyyən qaydalara əməl etmək vacibdir.
Bəs bayram tonqalı yandırarkən hansı təhlükəsizlik qaydalarına riayət olunmalıdır?
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev Crossmedia.az-a açıqlama verib:

"Novruz tonqalı bizim milli adət-ənənəmizin ayrılmaz hissəsidir. Lakin unutmamalıyıq ki, tonqal açıq alov mənbəyidir və ehtiyatsız davranıldıqda çox ciddi xəsarətlərlə nəticələnə bilər.
Ən böyük risklərdən biri tonqalı yandırmaq üçün benzin, dizel və digər yanar maddələrdən istifadə olunmasıdır. Bu cür vasitələr alovun ani şəkildə partlamasına səbəb olur və üz, əl, eləcə də bədənin digər nahiyələrində ağır yanıq xəsarətləri yarada bilər.
Təəssüf ki, bayram günlərində ən çox rast gəlinən travmalardan biri də məhz bu tip yanıq hallarıdır".
Ekspert əlavə edib ki, ikinci vacib məsələ tonqal yerinin düzgün seçilməsidir:
"Tonqal yaşayış evlərindən, avtomobillərdən, ağaclardan, qaz xətlərindən və elektrik kabellərindən uzaq ərazidə qalanmalıdır. Xüsusilə, küləkli havalarda tonqal qalamaq daha təhlükəlidir. Çünki qığılcımlar ətrafa yayıla bilər və bu da yanğın riskini artırır.
Uşaqlarla bağlı məsələ isə xüsusi diqqət tələb edir. Uşaqlar tonqal ətrafında nəzarətsiz buraxılmamalıdır. Tonqal üzərindən tullanmaq adət-ənənə olsa da, bu da təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilməlidir.
Alovun hündürlüyü nəzərə alınmalı, azyaşlı uşaqların isə ümumiyyətlə, tonqal üzərindən tullanmasına icazə verilməməlidir. Əks halda, ani bir ehtiyatsızlıq ciddi yanıq travmaları ilə nəticələnə bilər.
Geyim seçimi də mühüm əhəmiyyət daşıyır. Sintetik materiallar oda qarşı daha həssas olduğuna və tez alışdığına görə, tonqal ətrafında pambıq tərkibli, rahat və təhlükəsiz geyimlərə üstünlük verilməsi məqsədəuyğundur.
Əgər yanıq hadisəsi baş verərsə, ilk yardım düzgün şəkildə göstərilməlidir. Yanmış nahiyəyə dərhal 15 dəqiqə ərzində sərin su tətbiq olunmalı, daha sonra yanıq əleyhinə preparatlarla ilkin müdaxilə edilməlidir.
Növbəti mərhələdə isə mütləq şəkildə müvafiq tibb müəssisəsinə müraciət olunmalıdır. Yanığın üzərinə diş məcunu, qatıq, yağ və digər məişət vasitələri çəkmək olmaz, çünki bu, vəziyyəti daha da ağırlaşdıra bilər.
Vətəndaşlara bir daha tövsiyə edərdim ki, bayram adət-ənənələrini yaşadarkən təhlükəsizlik qaydalarını da unutmasınlar. Çünki əsas məqsəd bayramı xoş və təhlükəsiz şəkildə qeyd etməkdir, xəsarət almaq və acı xatirələrlə yadda qalmaq deyil. Bir qədər diqqət və məsuliyyətlə həm özümüzü, həm də yaxınlarımızı qoruya bilərik. Bayramlarımız təhlükəsiz keçsin".
Ayhan
14:55 19.03.2026
Oxunuş sayı: 54