Mükafat sistemi ləğv olunur: Korrupsiyaya şərait yaradılır?
Azərbaycanda dövlət qulluğunda mühüm dəyişikliklər həyata keçirilir. Yeni islahatlara əsasən, dövlət qulluqçuları üçün tətbiq olunan mükafat sistemi tamamilə ləğv edilir. Bu addım əməkhaqqı sisteminin daha şəffaf və sabit şəkildə qurulmasına yönəlib. Artıq əlavə təşviq ödənişləri əvəzinə maaşlar vahid struktur üzrə formalaşdırılacaq. Nəticədə dövlət qulluqçularının gəlirləri daha proqnozlaşdırıla bilən və davamlı olacaq.
Mövzu ilə bağlı ReAl partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

"Burada büdcəyə qənaət edilməsi və sui istifadə hallarının qarşısının alınması məqsədi güdülür. Lakin hər ay maaşları qədər mükafat alan dövlət qurumlarında büdcə təşkilatlarında çalışan şəxslər var idi. Əgər onlarda da tamamilə kəsiləcəksə bəs maaşları artacaqmı? Maaş artmayacaqsa onların bu işdə marağı azalacaq və digər neqativ hallara- korrupsiyanın artmasına, vətəndaşların incidilməsinə səbəb ola bilərmi? Bu suallar açıqdır. Yaxşı olardı ki, əlaqədar qurumlar bununla bağlı rəsmi açıqlama versinlər ki, bilinsin səbəb nədir, kimlərə toxunacaq" .
İqtisadçı qeyd edib ki, mükafatların verilməməsi əvəzində nə ediləcəyi sualının cavabı rəsmi qurumlardadır:
"Verilən mükafatların maaşa əlavə olunub-olunmayacağı, nə qədər insanın mükafat aldığı açıq qalan suallardır. Bunun cavabı isə rəsmi qurumlardadır".
Fatimə
15:03 19.03.2026
Oxunuş sayı: 58