Sürücülərin diqqətinə!: Bu yolda "tələ" var
Son günlər Bakı sakinləri, xüsusilə şəhərin mərkəzi küçələrində və prospektlərdə işıqforların işləməməsi ilə tez-tez qarşılaşırlar. Qeyd edək ki, Bakı şəhərinin mərkəzində, xüsusilə Azadlıq prospektində sürücülər və piyadalar dünən səhər saatlarında işıqforların işləməməsi ilə üzləşiblər. Bu, texniki nasazlıqdan deyil, ərazidə elektrik enerjisinin müvəqqəti dayandırılmasından qaynaqlanıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, aidiyyəti qurumlar məlumatlandırılıb və vəziyyət nəzarət altına alınıb. Hazırda kəsişmədə işıqforlar normal fəaliyyətini bərpa edib. Sakinlər və sürücülər ərazidə vəziyyətin tezliklə normallaşdığını qeyd edirlər.
Nəqliyyat üzrə ekspert Adil Nəbiyev bu barədə Crossmedia.az-a açıqlama verib :

"Paytaxtın Nəsimi rayonu Azadlıq prospektində işıqforların işləməməsinin səbəbinin texniki nasazlıq deyil, ərazidə elektrik enerjisinin obyektiv səbəblərdən müvəqqəti dayandırılması ilə bağlı olduğu nəzərə alsaq, belə halların gələcəkdə təkrarlanmaması üçün bir sıra qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Belə ki, ilk növbədə işıqfor obyektlərinin fasiləsiz işləməsini təmin etmək üçün ehtiyat enerji mənbələrinin quraşdırılması mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə akkumulyator sistemləri, UPS qurğuları və ya alternativ olaraq günəş panelləri ilə dəstəklənən enerji təminatı tətbiq oluna bilər ki, elektrik kəsintisi baş verdiyi anda işıqforlar avtomatik şəkildə bu mənbələrə keçid etsin və fəaliyyətini dayandırmasın. Bundan əlavə, əsas magistral və intensiv hərəkətli kəsişmələrdə generator sistemlərinin qurulması da effektiv həll yolu hesab olunur. Çünki bu tip nöqtələrdə işıqforların dayanması dərhal tıxaclara və təhlükəsizlik risklərinə səbəb olur. Eyni zamanda işıqfor sistemlərinin mərkəzləşdirilmiş idarəetmə və monitorinq platformalarına inteqrasiyası vacibdir. Bu zaman hər hansı enerji problemi yarandıqda məsul qurumlar real vaxt rejimində məlumat alaraq dərhal müdaxilə edə bilirlər. Digər mühüm məsələ isə yol hərəkətinin alternativ idarə olunmasıdır, yəni belə hallar baş verdikdə dərhal yol polisi əməkdaşlarının əraziyə cəlb olunması və ya müvəqqəti tənzimləyici nişanların tətbiqi ilə hərəkətin təhlükəsiz şəkildə yönləndirilməsi təmin edilməlidir".
Ekspertin sözlərinə görə, sürücülər arasında maarifləndirmə işləri də gücləndirilməlidir ki, işıqforlar işləmədiyi halda kəsişmələrdə üstünlük qaydalarına düzgün əməl olunsun və xaos yaranmasın:
"Qeyd olunan tədbirlərin kompleks şəkildə tətbiqi həm nəqliyyatın fasiləsizliyini təmin edər, həm də mümkün qəzaların qarşısını alar. Məsələ ilə bağlı aidiyyəti üzrə artıq məlumat verilib və hazırda qeyd olunan kəsişmədə işıqforların işi bərpa olunub, bu isə operativ müdaxilənin və koordinasiyalı fəaliyyətin nəticəsi kimi qiymətləndirilir".
Fatimə
14:53 19.03.2026
Oxunuş sayı: 54