Qarabağda strateji əhəmiyyətli işlər görülür - RƏY
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində həmin ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun bərpası və əhalinin doğma yurdlarına qayıdışı istiqamətində ardıcıl addımlar atılır.
Bu proses çərçivəsində artıq onlarla yaşayış məntəqəsi tikilərək və bərpa olunaraq istifadəyə verilib, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilməyə başlanıb. Aparılan işlər nəticəsində azad edilmiş ərazilərdə həyat tədricən bərpa olunur, bölgələrdə məskunlaşan əhalinin sayı artır və Böyük Qayıdış Proqramının həyata keçirilməsi yeni mərhələyə qədəm qoyur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İnfrastrukturun bərpası istiqamətində artıq genişmiqyaslı işlər həyata keçirilir. Yollar, elektrik xətləri, eyni zamanda müasir tunellər inşa olunur. Bu yollar yüksək keyfiyyət və müasir standartlar əsasında qurulub.
Bununla yanaşı, şəhərlərin yenidən qurulması istiqamətində də mühüm addımlar atılır. Hesab edirəm ki, həyata keçirilən bütün bu işlər Azərbaycan xalqının iradəsinin ifadəsi olmaqla yanaşı, ölkəmizi sevməyən qüvvələrə verilən ən tutarlı cavabdır.
Xüsusilə qeyd etmək istərdim ki, Qarabağ bölgəsində “yaşıl enerji” konsepsiyasının tətbiqi sürətlə davam edir. Burada əsasən bərpa olunan enerji mənbələrindən istifadə olunması həm ətraf mühitin qorunmasına, həm də regionun zəngin təbiətinin saxlanmasına xidmət edir. Bu isə, şübhəsiz ki, son dərəcə mühüm və strateji əhəmiyyətə malik bir amildir".
Elmir Heydərli
16:52 17.03.2026
Oxunuş sayı: 179