Azərbaycan və ABŞ ortaq investisiya modelinin formalaşdırılmasını planlaşdırır
Azərbaycan və ABŞ arasında dialoqun institusional müstəviyə keçirilməsi, iqtisadi tərəfdaşlıq üçün əhatəli çərçivənin formalaşdırılması və ortaq investisiya modelinin işlənib hazırlanması ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Crossmedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Vaşinqton şəhərində ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) yaranmasının 30-cu ildönümünə həsr olunan ABŞ-Azərbaycan ticarət və biznes konfransın "İkitərəfli ticarət və strateji əməkdaşlığın gücləndirilməsi" adlı əsas sessiyasında çıxışı zamanı bildirib.
Diqqətə çatdırılıb ki, ötən ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ səfəri zamanı imzalanmış sazişlər, habelə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin cari ilin fevralında ölkəmizə səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli əlaqələrdə tamamilə yeni dövrün başlanğıcını qoyub. Qeysd olunub ki, ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Sülh üzrə Birgə Bəyannamədə nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" ticarət dövriyyəsinin və investisiya axınlarının artmasına ciddi töhfə verəcək.
E. Əliyev çıxışında Azərbaycanın əlverişli biznes mühiti, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi potensialı, ölkənin tranzit-logistik üstünlükləri, eləcə də əlavə dəyər yaradan fəaliyyətlərin mərkəzi olaraq nəzərdə tutulan Ələt Azad İqtisadi Zonası haqqında ətraflı məlumat verib.
Energetika nazirinin müavini Orxan Zeynalov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf enerji, nəqliyyat və logistika sahələrində birgə fəaliyyətin daha da gücləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi regional və qlobal enerji təhlükəsizliyinə göstərdiyi dəstək, həmçinin təşəbbüsçüsü olduğu regional nəqliyyat layihələri ikitərəfli və çoxtərəfli tərəfdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə artırır.
ABŞ Ticarət Nazirliyinin sənaye və təhlükəsizlik üzrə katibinin müavini Cefri Kesler və ABŞ Dövlət Departamentinin enerji və kritik minerallar üzrə katibinin köməkçisinin müavini Reci Sinqh iki ölkə arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin və ortaq maraq doğuran sahələr üzrə birgə fəaliyyətin stimullaşdırılmasının vacibliyini xüsusi olaraq qeyd ediblər.
Konfrans çərçivəsində texnologiya və innovasiya, rəqəmsallaşma, enerji infrastrukturu, maliyyə və bankçılıq sahələrini əhatə edən panel sessiyaları keçirilib, geniş müzakirələr aparılıb.
E. Əliyev "HAIMAKER.AI Inc." şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Su Le ilə ayrıca görüş keçirib. Görüşdə rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi və innovativ rəqəmsal həllər sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Onun ABŞ rəsmiləri ilə keçirdiyi ikitərəfli görüşlərdə iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və işgüzar münasibətlərin möhkəmləndirilməsi məsələləri geniş müzakirə olunub.
ABŞ Ticarət Nazirliyinin sənaye və təhlil üzrə köməkçi katib vəzifəsini icra edən Bill Gidera ilə baş tutan görüşdə Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının müsbət dinamikası qeyd edilib, investisiya, enerji, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və süni intellekt sahələrində birgə iş imkanları müzakirəyə çıxarılıb. Bundan əlavə, regional bağlantı layihələri və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsünün yaratdığı potensial barədə ətraflı fikir mübadiləsi aparılıb.
ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kress ilə görüşdə USTDA-nın fəaliyyət prioritetləri kontekstində Azərbaycandakı əməkdaşlıq potensialı, xüsusilə infrastruktur, enerji, logistika və texnologiya sahələrində reallaşdırıla biləcək layihələr gündəmə gətirilib.
ABŞ Dövlət Departamentinin nümayəndələri – İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müavininin köməkçisi Hugo Yon və Ticarət Siyasəti və Danışıqlar Ofisinin müavinin katibi Tserinq Donqtoq ilə keçirilən görüşdə ABŞ ilə iqtisadi əlaqələrin hazırkı səviyyəsi və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib. Ticarət, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat istiqamətlərində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyətinin artırılması və ortaq layihələrin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub.
ABŞ-nin Ticarət Nümayəndəliyi Ofisinin (USTR) Avropa və Yaxın Şərq üzrə müavini Ceff Gettman ilə görüşdə Azərbaycan-ABŞ iqtisadi-ticarət tərəfdaşlığının cari vəziyyəti və inkişaf imkanları müzakirə edilib, qarşılıqlı ticarətin həcminin və investisiyaların artırılması yolları barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, ticarət siyasəti məsələləri, təchizat zəncirlərinin diversifikasiyası və ABŞ şirkətlərinin Azərbaycandakı iştirakının genişləndirilməsi gündəmə gətirilib.
ABŞ İxrac-İdxal Bankının vitse-prezidenti Benjamin Todd, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) idarəedici direktoru Kennet Angel, "VISA" şirkətinin vitse-prezidenti Kaitlin Makdonnel və "Tetra Tech" şirkətinin tərəfdaşı Endi Qrimincer ilə ayrı-ayrılıqda keçirilən görüşlərdə rəqəmsal transformasiya, bulud texnologiyalarının istifadəsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və məlumat infrastrukturlarının təkmilləşdirilməsi istiqamətində tərəfdaşlıq imkanları müzakirə olunub. Həmçinin Azərbaycanda icra edilən iqtisadi layihələrdə maliyyə mexanizmlərinin tətbiqi, enerji, logistika, sənaye və innovasiya sahələrində potensial layihələr və investisiya əməkdaşlığının perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində İqtisadiyyat Nazirliyi ilə "HAIMAKER.AI Inc" şirkəti arasında Azərbaycanda yeni nəsil rəqəmsal platforma və ekosisteminin yaradılmasına dair potensial tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
19:35 11.03.2026
Oxunuş sayı: 46