Türkiyənin Quru Qoşunları komandanı Naxçıvana dron hücumunun üzücü olduğunu bildirib
Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokel Naxçıvana dron hücumunun üzücü olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, o bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşü zamanı danışıb.
M.Tokel insident zamanı insan tələfatının olmamasını sevindirici hal kimi dəyərləndirib. O, həmçinin strateji müttəfiqliyə əsaslanan hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Ordu generalı Azərbaycan Ordusunun davamlı inkişaf etdiyini və bunun qardaş Türkiyədə böyük məmnunluq doğurduğunu qeyd edib.
C.Cəlilov Naxçıvan Beynəlxalq Hava Limanının dron hücumuna məruz qalması nəticəsində Naxçıvan–Bakı və əks istiqamətlərdə uçuşların müvəqqəti dayandırıldığı tarixlərə toxunub. O qeyd edib ki, muxtar respublika ilə ölkənin əsas hissəsi arasında sərnişin daşımalarının fasiləsizliyini təmin etmək məqsədilə 5-9 mart tarixlərində Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslərin təşkil olunması Türkiyə ilə dostluq və müttəfiqlik münasibətlərinin əyani ifadəsidir.
Görüşdə Azərbaycan-Türkiyə strateji əməkdaşlığının müxtəlif istiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, martın 5-də İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvan ərazisinə hücum edilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Babək rayonu Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Hadisə ilə əlaqədar İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.(Report)
19:13 11.03.2026
Oxunuş sayı: 37