Azərbaycan və Özbəkistan hesablama palataları Anlaşma Memorandumu imzalayıb
Azərbaycan və Özbəkistanın hesablama palataları arasında Anlaşma Memorandumu imzalanıb.
Crossmedia.az bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdədir. Səfər çərçivəsində onunla Özbəkistan Ali Audit Orqanının sədri vəzifəsini icra edən Mehriddin Abdullayev arasında rəsmi görüş keçirilib. Görüşdə dövlət auditi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Bu sənəd kənar dövlət auditi metodologiyası və prosedurları üzrə təcrübə mübadiləsinin həyata keçirilməsini, institusional potensialın gücləndirilməsini, eləcə də əməkdaşların peşəkar inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Tərəflər sənədin iki qurum arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına, qabaqcıl audit təcrübələrinin paylaşılmasına, audit fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Görüş çərçivəsində iki qurumun nümayəndələri müxtəlif mövzular üzrə təqdimatlar edib, qarşılıqlı fikir mübadiləsi aparıb. Azərbaycanın Hesablama Palatasının nümayəndə heyəti qurumun fəaliyyəti barədə ümumi məlumat təqdim edib, Palatanın beynəlxalq fəaliyyəti, kənar dövlət maliyyə nəzarəti sahəsində görülmüş işlər, eləcə də rəylərin verilməsi üzrə mövcud təcrübə haqqında ətraflı məlumat verib.
Özbəkistan tərəfi isə öz növbəsində qurumda həyata keçirilən rəqəmsal transformasiya prosesləri və məsafədən idarəetmə imkanları, dövlət büdcəsinin gəlir və xərclərinin auditi və monitorinqi mexanizmləri, həmçinin Özbəkistan Hesablama Palatasının fəaliyyətində ISSAI standartlarının tətbiqi mövzularında təqdimatlarla çıxış edib.
Görüş qarşılıqlı sual-cavab və müzakirələrlə davam edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistan Hesablama Palatasının Məsafədən İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.
11:08 11.03.2026
Oxunuş sayı: 47