Qadın sürücülərin sayı artır - Sosioloq
iBirləşmiş Millətlər Təşkilatı son illərdə gender bərabərliyinin təmin edilməsini qlobal inkişafın əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə BMT-nin Baş katibi tərəfindən irəli sürülən səkkiz əsas addım – səlahiyyət bölgüsündəki bərabərsizliyin aradan qaldırılması, gender bərabərliyinin dövlət siyasətində prioritetə çevrilməsi, yüksək gəlirli investisiyalarda qadınların iştirakının təşviqi, sülh danışıqları və qərarvermə proseslərində qadınlara daha geniş yer verilməsi, ayrı-seçkilik yaradan qanunların ləğvi, gender əsaslı zorakılığa qarşı sıfır tolerantlıq siyasətinin tətbiqi, texnologiya sahəsində qadınların iştirakının artırılması və gender amilinin iqlim planlarına daxil edilməsi kimi məsələləri əhatə edir. Bu addımların məqsədi qadınların cəmiyyətin bütün sahələrində daha fəal iştirakını təmin etmək, sosial və iqtisadi bərabərliyi gücləndirmək və dayanıqlı inkişaf üçün daha inklüziv mühit yaratmaqdır.
Müasir dünyada qadınların hüquqları və onların cəmiyyət həyatında rolu ilə bağlı müzakirələr getdikcə daha geniş miqyas alır. Bir çox ölkələrdə qadınların siyasi, iqtisadi və sosial sahələrdə iştirakının artırılması üçün müxtəlif proqramlar həyata keçirilir. Bununla yanaşı, bəzi regionlarda gender bərabərliyi ilə bağlı problemlər hələ də aktual olaraq qalır və qadınların hüquqlarının tam şəkildə təmin olunması üçün əlavə mexanizmlərə ehtiyac duyulur.
Belə bir şəraitdə BMT Baş katibinin irəli sürdüyü bu addımların qlobal miqyasda necə qarşılanacağı və onların real nəticələr verib-verməyəcəyi mühüm müzakirə mövzularından birinə çevrilib. Eyni zamanda, ayrı-ayrı ölkələrin bu istiqamətdə atdığı addımlar da diqqət mərkəzindədir. Bu kontekstdə Azərbaycan da gender bərabərliyi sahəsində müəyyən hüquqi və institusional mexanizmlər formalaşdıran ölkələrdən biri kimi göstərilir. Bəs BMT Baş katibinin irəli sürdüyü bu təşəbbüsləri necə qiymətləndirmək olar? Bu gün dünyada qadınlara verilən dəyər hansı səviyyədədir və Azərbaycanda gender balansının qorunması istiqamətində hansı addımlar atılır? Həmçinin bu sahədə daha böyük inkişafın təmin olunması üçün hansı yeni təşəbbüslərə ehtiyac var?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlama: "Məlum olduğu kimi, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Bu məqsədlərdən biri də gender bərabərliyi ilə bağlıdır. 2015-ci ildə bu Dayanıqlı İnkişaf Məqsədləri qəbul edilib və Azərbaycan 2016-cı ildə bu təşəbbüsə qoşulub. Qeyd etmək lazımdır ki, gender bərabərliyi sahəsində Azərbaycan hətta bir çox ölkələr üçün nümunə hesab oluna biləcək ölkələrdən biridir. Çünki Azərbaycan azsaylı ölkələrdəndir ki, burada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ayrıca qurum kimi fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda gender bərabərliyi haqqında qanun qəbul olunub. Qadınlara qarşı gender ayrı-seçkiliyi və cinsi fərqlərə əsaslanan ayrı-seçkiliyin qarşısının alınması istiqamətində dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir".
Sosioloq əlavə edib ki, bütün bunlar təkcə qlobal çağırışlara cavab olaraq həyata keçirilmir: "Bu, eyni zamanda Azərbaycan xalqının sosial-mədəni xüsusiyyətləri ilə də bağlıdır. Çünki Azərbaycan Şərqdə ilk demokratik ölkələrdən biridir və qadınlara seçki hüququ tanıyan ölkədir. Hətta bəzi Avropa ölkələrindən də əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilib. Azərbaycanda qadınlar kişilərlə çiyin-çiyinə çalışıb, cəmiyyətin müxtəlif sahələrində aktiv rol oynayıblar. Cinsinə görə qadınlara qarşı sistemli bir təzyiq heç vaxt olmayıb. Sadəcə olaraq, təəssüf ki, bəzi qərb mərkəzləri bəzən gender bərabərliyi məsələsini Azərbaycan kimi ölkələrə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışırlar. Halbuki Azərbaycan gender bərabərliyi baxımından bir çox qərb ölkələrinə belə nümunə ola biləcək səviyyədədir. Məsələn, Azərbaycanda qadınların qərar qəbuletmə sistemində iştirakı kifayət qədər yüksək səviyyədə təmin olunub. Parlamentdə təxminən 20 faizə yaxın deputat qadındır. Spiker qadındır, vitse-prezident qadındır. Eyni zamanda müxtəlif komitələrin sədrləri, sədr müavinləri, icra hakimiyyəti başçılarının müavinləri arasında da qadınlar var. Əmək bazarına baxdıqda da görürük ki, məşğul əhalinin əhəmiyyətli hissəsini qadınlar təşkil edir. Təhsil sahəsində çalışanların təxminən 75 faizi qadınlardır. Səhiyyə sahəsində isə bu göstərici 80 faizə yaxınlaşır. Bütün bunlar Azərbaycanda gender bərabərliyinin yüksək səviyyədə təmin olunduğunu göstərən əsas nümunələrdəndir".
Sosioloq, həmçinin qeyd edib ki, Azərbaycanda qadınların xeyrinə müəyyən pozitiv diskriminasiya halları da mövcud olub: "Məsələn, qadınların radiasiya və digər zərərli iş şəraitindən qorunması məqsədilə bir sıra iş sahələri var idi ki, qadınların həmin sahələrdə işləməsi qadağan edilirdi. Təxminən 274 iş sahəsi var idi ki, qadınların orada çalışmasına məhdudiyyət qoyulmuşdu. Bu da qadınların reproduktiv sağlamlığını və ümumi sağlamlığını qorumaq məqsədi daşıyırdı. Lakin texnologiyaların inkişafı və yeni iş şəraitinin yaranması nəticəsində artıq bu məhdudiyyətlərin böyük hissəsi aradan qaldırılıb. Nazirlər Kabineti tərəfindən qəbul olunan qərara əsasən həmin 274 qadağan olunmuş iş sahəsindən 204-ündə məhdudiyyət ləğv edilib. Yəni artıq qadınların bu sahələrdə də işləməsi üçün imkan yaradılıb. Çünki müasir texnologiyalar sayəsində onların sağlamlığına zərər verə biləcək risklər minimuma endirilib. Ümumiyyətlə, demək olar ki, Azərbaycanda qadınlarla bağlı müəyyən strategiya mövcuddur və bu strategiya bu gün də aktiv şəkildə həyata keçirilir. Qadınların müxtəlif sahələrdə çalışması təşviq olunur. Vəkillər arasında qadınların sayı artır, hakim qadınların sayı artır. Hətta ictimai nəqliyyatda qadın sürücülərin sayı da getdikcə çoxalır. Əgər keçmiş dövrlərlə müqayisə etsək, xüsusilə XIX əsrin sonu və XX əsrin əvvəlləri ilə müqayisədə bu gün qadınların ictimai həyata, dövlət idarəçiliyinə və müxtəlif sahələrdə iştirakında çox böyük fərq müşahidə olunur. Bu gün qadın sürücülərin sayı artır, qadınların ali təhsil alması geniş yayılıb və təhsil sahəsində onların göstəriciləri getdikcə yüksəlir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı ciddi ayrı-seçkilik və sistemli problem mövcud deyil".
Ayhan
15:10 10.03.2026
Oxunuş sayı: 60