Qonşuda müharibə gedir: Azərbaycan üçün hansı təhlükə var?
Son günlər regionda baş verən hərbi-siyasi hadisələr və xüsusilə İran ətrafında yaranmış gərginlik fonunda sosial şəbəkələrdə müxtəlif məlumatlar və iddialar yayılmaqdadır. Bu məlumatlardan bəzilərində Azərbaycanın İranla sərhəd ərazilərində guya ağır silahlar yerləşdirməsi və hərbi qüvvələrin cəmləşdirilməsi ilə bağlı paylaşımlar yer alıb. Lakin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bu iddiaların həqiqəti əks etdirmədiyini və dezinformasiya xarakteri daşıdığını açıqlayıb. Bununla belə, regionda təhlükəsizlik mühitinin dəyişməsi və yaxın coğrafiyada baş verən hərbi proseslər fonunda Azərbaycanın mümkün riskləri nəzərə alaraq hansı addımlar atmalı olduğu müzakirə mövzusuna çevrilib. Bəs görəsən, mövcud vəziyyət fonunda Azərbaycanın İranla sərhəddə əlavə hərbi qüvvələr yerləşdirməsinə ehtiyac varmı və ümumilikdə ölkənin təhlükəsizliyinin təmin olunması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin sədri, hərbi jurnalist Rey Kərimoğlu Crossmedia.az-a açıqlama verib: "Son günlər İranın bombalanması, regionda müharibənin və genişmiqyaslı bombardımanın başlanması Azərbaycan üçün də müəyyən təhlükələr yaradır. Mənə elə gəlir ki, bu təhlükə gözlənilən idi. Artıq bir neçə gün əvvəl Naxçıvana göndərilən dörd təyyarə də bu təhlükənin real olduğunu göstərdi. Təəssüf ki, Azərbaycanın İrana qarşı xoş qonşuluq və qardaşlıq münasibətləri ilə bağlı mövqeyinə baxmayaraq, İran tərəfindən bu münasibətlərə eyni şəkildə yanaşılmır. Hətta bəzən İran tərəfi Azərbaycana qarşı düşmənçilik mövqeyi nümayiş etdirir. Xüsusilə də İran rejiminin bəzi addımları bu münasibətlərin gərginləşməsinə səbəb olur. Onu da qeyd etmək istəyirəm ki, son günlər, xüsusilə İran ətrafında baş verən hadisələrdən sonra sosial şəbəkələrdə çoxlu sayda yanlış məlumatlar və dezinformasiyalar yayılmağa başlayıb. Eyni zamanda Azərbaycan Ordusunun Silahlı Qüvvələrinə məxsus texnikanın və canlı qüvvənin hərəkətləri videoya çəkilərək sosial şəbəkələrdə paylaşılır. Halbuki bu, qanunla qadağandır və belə hallara yol verilməməlidir.
Sizin sayt vasitəsilə də ictimaiyyətə müraciət edərək bildirmək istəyirəm ki, bu cür görüntülərin çəkilməsi və paylaşılması qanunla qadağandır və belə addımlar atmaq olmaz. Təbii ki, qonşu regionda müharibə gedir və Azərbaycan Ordusu da öz hazırlıq səviyyəsini daim yüksək səviyyədə saxlamalıdır və saxlayır. Bir neçə gün əvvəl Prezident Təhlükəsizlik Şurasının iclasını keçirdi və lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdi. Ümid edirəm ki, Azərbaycan üçün hər şey yaxşı olacaq və heç bir ciddi problem yaranmayacaq. İnşallah, regionda baş verən bu müharibə və gərginlik Azərbaycana təsir etmədən ötüşər və ölkəmiz bu vəziyyətdən salamat çıxar. Baxmayaraq ki, təhlükə hər zaman mövcud ola bilər, amma ümid edək ki, dövlətimiz və millətimiz üçün heç bir təhlükə yaranmaz. Azərbaycan üçün həmişə müəyyən risklər mövcuddur, lakin arzu edək ki, ölkəmiz və xalqımız üçün heç bir təhlükə baş verməsin".
Ayhan
11:10 09.03.2026
Oxunuş sayı: 56