AMEA Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov kitabxananın qadın əməkdaşlarını bayram münasibətilə təbrik edərək, onlara cansağlığı və işlərində uğurlar arzulayıb. O, Azərbaycan qadınının tarix boyu cəmiyyətdə tutduğu yüksək mövqedən, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və elmin inkişafındakı müstəsna xidmətlərindən danışıb.
Direktor çıxışında ölkədə uğurla həyata keçirilən dövlət qadın siyasətindən danışaraq, qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etdiyini vurğulayıb, Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin Azərbaycan qadınının beynəlxalq səviyyədə müsbət imicinin formalaşmasına mühüm töhfə verdiyini qeyd edib. Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev və bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev hər zaman Azərbaycan qadınına, onun cəmiyyətdəki statusuna böyük önəm veriblər.
H.Hüseynov Mərkəzi Elmi Kitabxananın inkişafında və gündəlik fəaliyyətində, o cümlədən informasiya təminatı və rəqəmsallaşma sahəsində xanımların mühüm rol oynadığını, onların peşəkarlığı və təşəbbüskarlığı ilə seçildiyini bildirərək, kitabxananın bütün qadın əməkdaşlarına bayram münasibətilə xoş arzularını çatdırıb.
Tədbirdə MEK-in İnnovasiya və Elektron Xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, Kitabxana xidməti üzrə direktor müavini fil.ü.f.d., dosent Şəhla Quliyeva, Baş mühəndis Rafiq Aslanov, Elmi katib Şəbnəm Rüstəmova, Təchizat və Xidmət şöbəsinin müdiri Arif Bağırov və Həmkarlar Təşkilatının sədri Günel Rəhimova çıxışlarında ölkəmizdə gender bərabərliyinin təmin edilməsi və qadınların ictimai-siyasi proseslərdə rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini, elmi kitabxanaların fəaliyyətinin təşkilində qadın intellektinin və zəhmətinin payını yüksək qiymətləndiriblər.
Sonda xanım əməkdaşlar göstərilən diqqət və qayğıya görə MEK rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
13:35 06.03.2026
Oxunuş sayı: 473