Azərbaycanın ABŞ-nin vasitəçilik təklifini rədd etməsi strateji qərardır - ŞƏRH
Azərbaycanın ABŞ-nin təşkil etdiyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən imtinası mühüm strateji mesajlar verir. Bu qərar rəsmi Bakının ABŞ-nin Cənubi Qafqazda obyektiv mövqe sərgiləmədiyini nümayiş etdirərək, milli maraqlarını qorumaqda nə qədər qərarlı olduğunu göstərir. Həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün bu addım strateji siqnal xarakteri daşıyır.
Politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı Crossmedia.az-a bildirib ki, Azərbaycanın ABŞ dövlət katibi Entoni Blinken vasitəsilə vasitəçilik təklifini rədd etməsi tamamilə əsaslandırılmış və haqlı qərardır. Bayden administrasiyasının açıq şəkildə ermənipərəst siyasət yürütməsi və regiondakı proseslərdə balanslı mövqe sərgiləməməsi buna əsas verir.
Elçin Xalidbəylinin sözlərinə görə, son dörd il ərzində Bayden administrasiyası yalnız Ermənistanın dəstəklənməsi istiqamətində addımlar atıb. Bu müddət ərzində Entoni Blinken də bu siyasətdə xüsusi rol oynayıb. O, bu ilin aprel ayında Brüsseldə keçirilmiş və Ermənistanın təhlükəsizlik zəmanətləri ilə təmin edilməsi, həmçinin inkişaf yollarının genişləndirilməsini nəzərdə tutan təxribat xarakterli görüşlərin əsas təşəbbüskarı idi.
“Bayden administrasiyasının Cənubi Qafqazdakı sülh prosesinə müdaxiləsinin qarşısını almaq Azərbaycanın tamamilə haqlı mövqeyidir. Hətta Blinkenin vasitəçilik təklifi qəbul edilsəydi belə, bunun heç bir müsbət nəticəsi olmazdı. ABŞ, ATƏT-in Minsk Qrupunun həmsədri olduğu dövrdə münaqişənin həlli üçün konstruktiv addımlar atmayıb və yalnız Ermənistanı dəstəkləyərək münaqişənin həllini ləngidib,” - deyə politoloq vurğulayıb.
Elçin Xalidbəyli əlavə edib ki, Bayden administrasiyasının səlahiyyət müddətinin başa çatmaq üzrə olduğu bir dövrdə belə vacib bir regional prosesdə vasitəçilik etməsi faydasızdır. Əgər danışıqlar davam etdiriləcəksə, bunun yeni Tramp administrasiyası ilə daha səmərəli olacağı ehtimal edilir. Çünki Bayden dövründə Azərbaycan hətta sanksiya təhdidləri ilə üzləşmişdi və rəsmi Bakı buna sərt reaksiya verərək ABŞ-yə öz mövqeyini açıq şəkildə nümayiş etdirmişdi.
Politoloqun fikrincə, Entoni Blinken kimi bir şəxsin sülh prosesində müsbət rol oynayacağına inanmaq çətindir. Digər tərəfdən, ABŞ hazırda Ermənistanın silahlandırılması prosesində lider ölkələrdən biridir. Ermənistan Müdafiə Nazirliyində ABŞ-nin yüksək rütbəli hərbçilərinin çalışdığı, eləcə də Ermənistan ordusunun təlimlərinin ABŞ proqramları əsasında həyata keçirildiyi məlumdur.
Elçin Xalidbəyli qeyd edib ki, faktiki olaraq ABŞ, Avropa İttifaqı və Fransa ilə birlikdə Ermənistanı müharibəyə hazırlayan siyasət yürüdür. Belə bir vəziyyətdə ABŞ-nin sülh prosesində vasitəçi kimi iştirak etməyə çalışması nə Azərbaycana, nə Ermənistana, nə də ümumilikdə regiona fayda verir.
Sonda politoloq vurğulayıb ki, rəsmi Bakının mövqeyi tamamilə doğrudur. Cənubi Qafqazda sülh prosesi yalnız Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar əsasında, kənar müdaxilələr olmadan davam etməlidir. Bu yanaşma sülh sazişinin razılaşdırılması, delimitasiya və demarkasiya proseslərinin uğurla başa çatmasına zəmin yaradacaq. ABŞ-nin bu prosesə müdaxiləsinin qarşısını almaq isə regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır.
Maral Şahverdili
07:57 07.12.2024
Oxunuş sayı: 6662