CROSSMEDIA - Ermənistanda daxili siyasi gərginlik artır
Gündəm

Ermənistanda daxili siyasi gərginlik artır

Ermənistan parlamentinin spikeri Alen Simonyan, Baş nazir Nikol Paşinyanın Azərbaycanla danışıqlara dair gizli məlumatları paylaşdığını iddia edib. Onun sözlərinə görə, bu məlumatların sızması təhlükəsizlik riskləri yaradır və deputat Ovik Ağazaryan bu sızıntılarda ittiham olunur. Simonyan Ağazaryanın mandatından imtina etməsini tələb etsə də, deputat bu çağırışı rədd edib. Bunun nəticəsində Ağazaryan Mülki Müqavilə Partiyasından xaric edilib. Bu hadisələr Ermənistan hökumətində siyasi sabitliyin ciddi təhlükə altında olduğunu göstərir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, “Ermənistan məqsədyönlü şəkildə sülh prosesini pozur. Sülh sazişi layihəsi ilə bağlı son cavabın Azərbaycana gec təqdim olunması da bundan xəbər verir”. Deputatın sözlərinə görə, “Son vaxtlar həm Ermənistanda, həm də ona havadarlıq edən ölkələrin siyasi dairələrində mifik ‘etnik təmizləmə’dən bəhs edilməsi, ABŞ və Fransa zabitlərinin Ermənistan ordusunda təlimlər keçirməsi, Ermənistan hakimiyyətinin konstitusiya dəyişikliklərinə getməməsi, Minsk qrupunun ləğvi ilə bağlı təkliflərə müsbət cavab verməməsi Ermənistan tərəfinin sülhə yox, müharibəyə hazırlaşdığını göstərir”.

Cəfərov əlavə edib ki, “Paşinyan hökumətinin məqsədi əvvəlcə konstitusiya dəyişiklikləri etmək idi. Lakin o, siyasi iradə nümayiş etdirmədi və bu məsələdə maraqlı olmadı”. Deputatın fikrincə, Ermənistan cəmiyyətində ciddi fikir ayrılığı mövcuddur: “Bir tərəfdə müttəfiqlərin dəstəyinə güvənən revanşistlər, digər tərəfdə isə erməni siyasi rəhbərliyinin addımlarını pisləyən qüvvələr arasında uçurum dərinləşir”.

Deputat sonda vurğulayıb ki, “Paşinyan hakimiyyəti qətiyyətli və prinsipial addımlar atmasa, daxili qarşıdurmalar nəticəsində devrilə bilər. Ermənistan hökuməti vaxtı uzatmaqla müharibəyə hazırlaşır və bu, Ermənistan üçün daha böyük siyasi problemlər yaradacaq”.

 

Nihat Tahirov

07:28 07.12.2024

Oxunuş sayı: 7866

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR