Hava limanına dron zərbəsi nəticəsində xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Naxçıvanda baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, yaralıların vəziyyəti stabildir və onların həyatına təhlükə yoxdur.
Bildirilib ki, Babək rayonunun Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub.
Hadisə zamanı xəsarət alan Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərovun isə çiyin nahiyəsində yaralanma qeydə alınıb.
Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Digər yaralı, Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Onun da müalicəsi həkim nəzarəti altında davam etdirilir.
14:59 05.03.2026
Oxunuş sayı: 688