Əli Əsədov və Mixail Mişustinin telefon danışığı: Regionda yeni iqtisadi perspektivlər
Ötən gün Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı baş tutub. Danışıq zamanı Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin artımında müşahidə olunan müsbət dinamikanı qeyd edib, müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsi perspektivlərinə diqqət yetiriblər. Həmçinin regional vəziyyət və əməkdaşlığın gələcək inkişafı ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-la öz fikirlərini bölüşüb:

- Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artması Cənubi Qafqaz regionunda iqtisadi inteqrasiya proseslərinə necə təsir göstərə bilər?
- Azərbaycan xarici ölkələrlə həm iqtisadi, həm də siyasi münasibətlərdə əsasən ikili əməkdaşlığa üstünlük verir və bu, əksər hallarda özünü doğruldur. Rusiya da ikitərəfli ticarət əlaqələrimizdə əsas tərəfdaşlarımızdandır.
Azərbaycan Respublikası Rusiya Federasiyasının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda TRIPP tipli nəqliyyat təşəbbüsləri regional iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Belə layihələr ticarət marşrutlarının şaxələndirilməsi, tranzit gəlirlərinin artması və logistika zəncirlərinin optimallaşdırılması ilə nəticələnə bilər. Zəngəzur istiqamətində alternativ marşrutların formalaşması isə Cənubi Qafqazın Avropa-Asiya nəqliyyat dəhlizində geoiqtisadi əhəmiyyətini artırır. Bu, həm regional dövlətlər arasında iqtisadi qarşılıqlı asılılığı gücləndirir, həm də investisiya cəlbediciliyini yüksəldir. Rusiya bu prosesdən özünü kənarda saxlamasa bütövlükdə bölgənin iqtisadi əməkdaşlığının bir üzvünə çevriləcək.
- Mürəkkəb regional şəraitdə İran ərazisindən Rusiya vətəndaşlarının təxliyəsində Azərbaycanın göstərdiyi yardım ölkənin regional humanitar və logistika mərkəzi kimi rolunu necə nümayiş etdirir?
- Son günlər Azərbaycan təkcə Rusiya vətəndaşlarının deyil, digər ölkələrin vətəndaşlarının da İrandan Azərbaycan sərhəd-keçid məntəqələri vasitəsilə təxliyyə edilməsində mühüm rol oynayıb. Bu istiqamətdə görülən işlər regionda humanitar əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirib.
Azərbaycan bu gün – İranda raket və mərmilərin dolu kimi yağdığı bir zamanda bütün əcnəbiləri, o cümlədən də Fransa və Rusiya vətəndaşlarını xilas edir ki, bu da dövlətimizin, onun Prezidentinin Paris və Moskvaya verdiyi mərdlik və insanlıq dərsi hesab edilə bilər. Azərbaycan dövləti və Prezidenti bununla sübut etdi ki, əsl güc insan həyatına son qoymaq deyil, insan həyatını xilas etməkdir. Əsl böyüklük, köməyə ehtiyacı olan insanların harayına kar olmaq deyil, onların yardımına qaçmaqdır. Əsl mədəniyyət və kamillik öz şəxsi ambisiyaları naminə digərlərinə çirkab atmaq yox, ümumbəşəri dəyərlər naminə şəxsi ambisiyalarını arxa plana keçirmək, xırda hislərə əsir olmamaq, hər bir hadisə və prosesə insani prizmadan yanaşmaqdır.
- Əli Əsədov ilə Mixail Mişustin arasında keçirilən telefon danışığı Azərbaycan-Rusiya münasibətlərinin mövcud geosiyasi şəraitdə hansı istiqamətdə inkişaf etdiyini necə göstərir?
- Rusiyanın xətaları, yol verdiyi yanlışıqlar üzündən bu ölkənin Azərbaycanla münasibətlərində davam edən gərginliyin necə sonuclanacağı artıq beyəlxalq miqyasda da xüsusi diqqət mərkəzində yer alır. Proseslərin gedişi göstərir ki, Rusiya beynəlxalq hüquqla üzərinə düşən öhdəlikləri yerinə yetirməyənə, imperiya ambisiyalarını cilovlamayana, Azərbaycanın Cənubi Qafqazda, eləcə də postsovet məkanında, hətta onun sərhədlərindən kənarda oynadığı rolu, tutduğu mövqeni nəzərə almayana qədər əlaqələrdə gərginlik davam edəcək. Halbuki, Azərbaycan mehriban qonşuluq münasibətlərinin mövcudluğunda, qarşılıqlı əlaqələrin inkişafında maraqlı tərəfdir. Rusiyada isə hələ də əks mövqe sərgilənir.
- Azərbaycan və Rusiya arasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclaslarının keçirilməsi iki ölkə arasında strateji iqtisadi layihələrin həyata keçirilməsinə hansı töhfəni verə bilər?
- Azərbaycanı nəinki Cənubi Qafqazın əsas oyunçusu, həm də Avrasiya regionunda mühüm geosiyasi aktora çevirir. Geosiyasi əhəmiyyəti artmaqda davam edən Azərbaycan, gələcəkdə də regional əməkdaşlıq və enerji təhlükəsizliyi baxımından strateji rola malik olacaq. Bu, artıq dünyada qəbul edilən reallıqdır və Rusiya tərəfi də sözügedən reallığı qəbul etməli, ölkəmizlə münasibətində bu və digər faktorları diqqətə almalıdır.
14:37 04.03.2026
Oxunuş sayı: 582