Azərbaycanla Suriya arasında peşə və texniki təhsil sahəsində əməkdaşlıq güclənir- Perspektiv açıqlandı
Azərbaycan və Suriya arasında peşə və texniki təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Dəməşqdə keçirilən görüşdə tərəflər təhsil sahəsində birgə layihələrin icra vəziyyətini nəzərdən keçiriblər. Görüş zamanı üçtərəfli saziş çərçivəsində məktəblərin bərpası və yenilərinin tikintisi məsələləri diqqət mərkəzində olub. Azərbaycan tərəfi Suriyanın təhsil sektorunun bərpasına dəstəyini davam etdirməyə hazır olduğunu bildirib. Tərəflər peşə təhsilinin inkişafının əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynadığını vurğulayıblar. Milli Məclisin deputatları Crossmedia.az-a bu barədə açıqlama veriblər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan bununla bağlı müxtəlif addımlar atıb:

" Azərbaycan Suriyada infrastrukturun bərpası istiqamətində, eyni zamanda Suriyada həyata keçirilən işlərlə bağlı fəaliyyət göstərir. İndi isə Azərbaycanın daha bir addım atdığının şahidiyik. Bu addım ondan ibarətdir ki, Azərbaycan Suriyada bərpa işləri həyata keçirir.
Bilirik ki, Suriyanın əvvəlki rəhbərliyi ilə Azərbaycanın əlaqələri o qədər də yaxşı deyildi və bunun səbəbi daha çox sabiq prezident Bəşər Əsədin dövründə formalaşmış münasibətlərlə bağlı idi. Artıq həmin mərhələ arxada qaldı. Bu gün Azərbaycan bu istiqamətdə addımlar atır. Təbii ki, bu, əlaqələrimizin inkişafına birmənalı olaraq müsbət təsir göstərəcək. Yəni əlaqələrimiz yeni mərhələyə daxil olub və biz onun inkişafının davamlı şahidi olacağıq. Bu, Azərbaycanın tarixi uğuru kimi qiymətləndirilməlidir".
C. Məmmədov, həmçinin bildirib ki, Azərbaycan–Suriya əlaqələri inkişaf edəcək və yeni mərhələyə daxil olacaq: "Bu, Azərbaycanın mövqeyini gücləndirən məsələdir. Bu istiqamətdə atılan addımlar Azərbaycan mövqeyinə də ciddi təsir göstərir".
Milli Məclisin deputatı Elnarə Akimovanın sözlərinə görə isə Azərbaycanla Suriya arasında peşə və texniki təhsil sahəsində əməkdaşlıq təşəbbüsü iki ölkə münasibətlərində yeni və praqmatik mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir:

"Bu əməkdaşlıq sadəcə təhsil mübadiləsi deyil, eyni zamanda iqtisadi, humanitar və institusional bağların sistemli şəkildə qurulmasına xidmət edən strateji addımdır. Peşə və texniki təhsil müasir dövlətlərin iqtisadi inkişaf modelində əsas dayaqlardan biridir. Dünya Bankının və UNESCO-nun hesabatlarında da göstərilir ki, əmək bazarının real tələblərinə uyğun kadr hazırlığı iqtisadi sabitliyin və sosial rifahın mühüm şərtidir. Müharibədən zərər görmüş və yenidənqurma mərhələsində olan Suriya üçün ixtisaslı kadr potensialının formalaşdırılması həyati əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın təcrübəsi – xüsusilə son illərdə peşə təhsilinin modernləşdirilməsi, yeni ixtisasların açılması, sənaye ilə təhsil arasında əlaqələrin gücləndirilməsi – praktik model kimi çıxış edə bilər" .
Deputat bildirib ki, Azərbaycan son illərdə peşə təhsili sistemində ciddi islahatlar həyata keçirib, müasir standartlara uyğun mərkəzlər yaradıb, beynəlxalq tərəfdaşlıqları genişləndirib:
"Bu modelin Suriyada tətbiqi həm yerli əmək bazarının dirçəldilməsinə, həm də infrastrukturun bərpasına real töhfə verə bilər. Tikinti, energetika, kənd təsərrüfatı, logistika kimi sahələrdə ixtisaslı mütəxəssislərin hazırlanması iki ölkə arasında iqtisadi əməkdaşlığın da əsasını möhkəmləndirəcək.
Belə layihələr diplomatiyanın “yumşaq güc” elementidir. Təhsil sahəsində əməkdaşlıq uzunmüddətli və davamlı əlaqələr yaradır. Bir ölkədə təhsil alan və ya həmin ölkənin metodologiyası ilə yetişən kadrlar gələcəkdə institusional körpüyə çevrilirlər. Bu isə siyasi münasibətlərdə qarşılıqlı etimadı artırır, əməkdaşlığı formal bəyanatlardan real nəticələr müstəvisinə keçirir.
Eyni zamanda bu təşəbbüs Azərbaycanın beynəlxalq arenada konstruktiv və məsuliyyətli tərəfdaş imicini gücləndirir. Post-münaqişə reabilitasiyası və yenidənqurma sahəsində əldə olunan təcrübənin başqa ölkə ilə paylaşılması regional sabitliyə töhfə kimi dəyərləndirilə bilər. Bu, həm də Azərbaycanın humanitar diplomatiyasının genişlənməsi deməkdir.
Nəticə etibarilə, peşə və texniki təhsil sahəsində əməkdaşlıq Azərbaycan–Suriya münasibətlərini yalnız siyasi müstəvidə deyil, sosial-iqtisadi və institusional səviyyədə də möhkəmləndirəcək. Bu layihə qısa müddətli siyasi jest deyil, uzunmüddətli tərəfdaşlığın təməlini formalaşdıran strateji addımdır. Təhsil üzərindən qurulan münasibətlər isə ən dayanıqlı münasibətlərdir".
Fatimə Məmmədova
10:16 04.03.2026
Oxunuş sayı: 658