Televiziyalarda "zəlzələ": Senzura geri qayıdır?
Televiziya məkanında bəzi müğənnilərə tətbiq olunduğu iddia edilən efir qadağası ilə bağlı müzakirələr davam edir. Məsələ ilə bağlı danışan meyxanaçı Aqşin Fateh bildirib ki, qadağa siyahısı olsa da, bu qərar bütün müğənnilərə şamil edilmir və hətta siyahıya bəzi aparıcıların da daxil edildiyi iddia olunur.
Sənətçi qeyd edib ki, efir məkanında təkcə iştirakçılarla bağlı deyil, həm də geyim məsələsində ciddi dəyişikliklərin tətbiqi gözlənilir. Onun sözlərinə görə, bu cür məhdudiyyətlər milli dəyərlərin qorunması və gənc nəslin tərbiyəsi baxımından müsbət nəticə verə bilər.
Məsələ ilə bağlı media üzrə ekspert Azər Həsrət Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bunu senzura kimi təqdim etmək doğru olmaz. Çünki senzura, bir qayda olaraq, məzmuna tətbiq olunan məhdudiyyətlər deməkdir; yəni nəyin danışılıb-danışılmayacağına dair qadağalarla bağlıdır. Azərbaycanda isə senzura dövlət səviyyəsində qadağan olunmuş anlayışdır və istənilən sahədə, o cümlədən televiziya efirində senzuranın tətbiqinə yol verilmir.
Burada söhbət senzuradan deyil, efir məkanının normalaşdırılmasından və müəyyən ədəb-əxlaq çərçivəsinə salınmasından gedir. Mən şəxsən hesab edirəm ki, bu cür yanaşma tamamilə düzgün və zəruridir. Bu gün efirə çıxaraq musiqi nömrəsi təqdim edən istənilən müğənni və ya xanəndənin əsas məqsədi öz sənətini təqdim etmək olmalıdır. Təbii ki, sənətə uyğun geyim, səhnə mədəniyyəti və vizual görüntü də olmalıdır. Məzmun və görüntü bir-birini tamamlamalıdır.
Lakin bəzən efirdə yarıçılpaq geyimdə çıxış edən və davranışlarına diqqət yetirməyən şəxslərlə qarşılaşırıq. Bu cür hallar tamaşaçı zövqünə mənfi təsir göstərir. Xüsusilə də formalaşmaqda olan gənc nəslin belə davranışları normal qəbul etməsi təhlükəsi yaranır.
Bir daha vurğulamaq istəyirəm ki, burada senzura deyil, normalaşdırma məsələsi müzakirə olunur. Əslində bu addımlar çoxdan atılmalı idi. Televiziya efirinə çıxan hər bir şəxs geyiminə, davranışına, danışıq tərzinə, oturuşuna və ümumi səhnə mədəniyyətinə ciddi şəkildə diqqət yetirməlidir. Tamaşaçı üçün əsas məsələ kiminsə zahiri görünüşünü nümayiş etdirməsi deyil, onun sənətidir. Əgər ortada yüksək səviyyəli sənət varsa, sənətçi efirə çıxmalı, öz ifasını təqdim etməli və tamaşaçı da onu zövqlə dinləməlidir.
Azərbaycanın sənət tarixində çox sayda görkəmli sənətkarlar yetişib. Xüsusilə qadın sənətçilər arasında elə nümunələr var ki, onlar heç vaxt efirdə qeyri-etik və ya abırsız davranış nümayiş etdirməyiblər. Onlar həm geyim, həm davranış, həm də səhnə mədəniyyəti baxımından hər zaman nümunə olublar. Təəssüf ki, bu gün bəzi televiziya proqramlarında bəzən elə davranış və görüntülərə rast gəlinir ki, onları hətta cəmiyyətin ən aşağı mədəni mühitlərində belə qəbul etmək çətindir.
Belə halların televiziya efirində nümayiş etdirilməsi isə tamamilə yolverilməzdir.
Bu səbəbdən efir məkanında müəyyən qaydaların tətbiq edilməsi, ölçü və meyarların müəyyənləşdirilməsi vacibdir. Başqa sözlə, televiziya efiri normalaşdırılmalı və müəyyən mədəni çərçivəyə salınmalıdır".
Məsələnin sosial tərəfləri ilə bağlı sosioloq Əhməd Rəhmanov da öz fikirlərini bildirib:

"Əvvəla, gəlin, televiziyaların bu vəziyyətə hansı səbəblərdən gəlib çıxmasını araşdıraq. Məncə, televiziya məkanında vəziyyət o zaman dəyişməyə başladı ki, tənqid imkanları məhdudlaşdırıldı. Bu gün istənilən televiziya kanalını açdıqda biz hansısa kiçik bir şəxsin və ya məişət səviyyəli hadisənin tənqidini görə bilərik. Lakin ciddi sosial problemlərin, qlobal ictimai məsələlərin və ya siyasi mövzuların açıq müzakirəsinə demək olar ki, rast gəlmirik.
Başqa sözlə desək, problemin mahiyyətindən daha çox onun səthi tərəfləri müzakirə olunur. Bu isə tamaşaçı üçün maraq doğurmur və nəticədə televiziya kanalları auditoriyanı cəlb etməkdə çətinlik çəkir.
Digər tərəfdən, televiziya efiri daim doldurulmalıdır və televiziya fəaliyyət göstərmək üçün maliyyə qazanmalıdır. Bunun üçün əsasən iki yol var: ya kanal reklam və layihələr vasitəsilə özü gəlir əldə etməlidir, ya da dövlət tərəfindən maliyyə dəstəyi almalıdır. Bu imkanlar məhdud olduqda isə kanallar efiri daha ucuz və asan başa gələn verilişlərlə doldurmağa məcbur qalırlar.
Mən bir dəfə demişəm və yenə də deyirəm: əgər televiziya rəhbərləri bilsəydilər ki, sadəcə dənizi göstərməklə efiri doldurub sponsor tapmaq mümkündür, inanın ki, biz gecə-gündüz ekranda Xəzər dənizinə baxardıq. Yəni efiri doldurmaq məsələsi onlar üçün əsas problemdir.
Qaldı senzura məsələsinə – mən hesab edirəm ki, müəyyən tənzimləmə və nəzarət mütləq olmalıdır. Sovet dövründə buna bənzər mexanizmlər mövcud idi. Məsələn, kinostudiyalarda fəaliyyət göstərən bədii şuralar yaradılan məhsulun keyfiyyətinə və məzmununa nəzarət edirdi. Mən özüm də uzun müddət kino sahəsində çalışmışam və həmin sistemin necə işlədiyini görmüşəm.
Televiziya hər bir ölkənin və xalqın bir növ güzgüsüdür. Ona təkcə ölkə daxilində deyil, xaricdə də baxılır. Buna görə də efirdə yayımlanan məzmun müəyyən etik və mədəni çərçivələrə uyğun olmalıdır.
Lakin burada başqa bir sual ortaya çıxır: əgər bu gün efirdə olan bəzi aşağı səviyyəli proqramlar və şəxslər televiziyadan uzaqlaşdırılsa, ekran nə ilə doldurulacaq? Bu, çox ciddi və praktiki bir sualdır. Çünki keyfiyyətli proqram hazırlamaq üçün həm maddi imkan, həm də güclü texniki baza lazımdır.
Əgər bu imkanlar yetərli olmazsa, çox güman ki, televiziyalar xarici kanalların proqramlarını alıb dublyaj edərək yayımlamağa üstünlük verəcəklər. Məsələn, "National Geographic", "Animal Planet" və ya "History Channel" kimi kanalların verilişləri tərcümə edilərək efirə verilə bilər. Bu da müəyyən mənada alternativ bir çıxış yolu ola bilər.
Digər tərəfdən, televiziya ekranında görünən bəzi şəxslər yalnız efir vasitəsilə tanınırlar. Əgər onlar televiziyada görünməsələr, cəmiyyət üçün xüsusi bir maraq doğurmayacaqlar. Yəni onların efirdə olub-olmaması əslində ictimai həyat üçün həlledici bir məsələ deyil.
Belə hallarda həmin şəxslər fəaliyyətlərini başqa sahələrdə – məsələn, toy məclislərində, restoranlarda və ya digər əyləncə məkanlarında davam etdirə bilərlər. Lakin televiziya məkanı daha ciddi və keyfiyyətli məzmun təqdim etməlidir.
Bu səbəbdən hesab edirəm ki, müəyyən səviyyədə senzura və ya məzmun tənzimlənməsi mütləq şəkildə olmalıdır".
Elmir
08:12 04.03.2026
Oxunuş sayı: 1254