AZƏRTAC-ın 106 yaşı tamam olur
Bu gün Azərbaycanın milli informasiya məkanının formalaşmasında və inkişafında mühüm rol oynayan Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın yaradılmasının 106 ili tamam olur. Bir əsrdən artıq tarixi olan bu nüfuzlu media qurumu ölkəmizin informasiya salnaməsini yazan, Azərbaycanın səsini dünyaya çatdıran və milli jurnalistika ənənələrinin formalaşmasına böyük töhfə verən aparıcı qurumlardan biridir.
Tarixi kökləri 1920-ci ilə gedib çıxan AZƏRTAC müxtəlif ictimai-siyasi mərhələlərdən keçərək bu gün müasir informasiya agentliyinə çevrilmişdir. Bu illər ərzində agentlik yalnız xəbərlərin yayılması ilə kifayətlənməyib, eyni zamanda Azərbaycanın ictimai, siyasi, iqtisadi və mədəni həyatının mühüm hadisələrini operativ şəkildə işıqlandıraraq ölkəmizin zəngin tarixinin etibarlı informasiya mənbələrindən biri kimi çıxış edib. AZƏRTAC illər boyu peşəkarlığı, operativliyi və etibarlılığı ilə milli media məkanında xüsusi mövqeyə sahib olub.
Müstəqillik dövründə isə AZƏRTAC öz fəaliyyətini daha da genişləndirərək beynəlxalq informasiya məkanında Azərbaycanın mövqeyinin gücləndirilməsində mühüm rol oynayıb.
Agentlik bu gün dünyanın bir çox aparıcı informasiya agentlikləri ilə əməkdaşlıq edir, müxtəlif dillərdə yayımladığı xəbərlər vasitəsilə Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırır. Xüsusilə ölkəmizin siyasi, iqtisadi və mədəni həyatına dair məlumatların dünya auditoriyasına operativ şəkildə təqdim edilməsi AZƏRTAC-ın qlobal informasiya məkanında nüfuzunun artmasına mühüm töhfə verir.
AZƏRTAC eyni zamanda milli jurnalistika məktəbinin inkişafında da mühüm rol oynayıb.
Bu agentlikdə fəaliyyət göstərmiş və bu gün də çalışan jurnalistlər peşəkarlıq, obyektivlik və dövlətçilik prinsiplərinə sadiqlik nümunəsi göstərərək Azərbaycan mediasının inkişafına öz töhfələrini veriblər. Bu ənənə yeni nəsil jurnalistlər tərəfindən də uğurla davam etdirilir.
Bu əlamətdar gün münasibətilə Crossmedia.az olaraq AZƏRTAC-ın rəhbərliyini, kollektivini və bu qurumun inkişafına töhfə vermiş bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Əminik ki, AZƏRTAC bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli informasiya məkanının inkişafı və obyektiv jurnalistika prinsiplərinin qorunması istiqamətində mühüm missiyasını uğurla davam etdirəcək.
Elmir Heydərli
13:57 01.03.2026
Oxunuş sayı: 554