Azərbaycan- Rusiya münasibətləri hansı səviyyəyə qədər gərginləşə bilər?
"Azərbaycan təyyarəsinin vurulması və Rusiyanın rəsmi şəkildə üzr istəməməsi, habelə kompensasiyaların hələ də ödənilməməsi Rusiya ilə münasibətlərin tam normal məcraya düşmədiyini göstərir. Bununla belə, Rusiya ilə ciddi bir münaqişənin olacağına inanmıram".
Bunu Crossmedia.az-a geniş müsahibəsidə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.
"Çünki Azərbaycanın, ilk növbədə, güclü müttəfiqləri var – Türkiyə və Pakistan kimi dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Eyni zamanda, digər regional və beynəlxalq tərəfdaşlarla münasibətlərimiz müsbət məcradadır. Bu baxımdan Rusiyanın birbaşa riskə gedəcəyini düşünmürəm. Rusiya hazırda Ukrayna cəbhəsində ciddi problemlərlə üz-üzədir və vəziyyətdən çıxış yolları hələ tam aydın görünmür. Rusiyanın öz daxili və xarici problemləri kifayət qədərdir. Ona görə də ikinci bir cəbhə açacağını düşünmürəm. Azərbaycanın regionda nüfuzunun artması, müstəqil siyasət yürütməsi fonunda Rusiya tərəfindən ciddi bir təhlükə gözlənildiyini hesab etmirəm. Bildiyimiz kimi, son günlərdə Yaxın Şərq genişmiqyaslı münaqişə ocağına çevrilib. İran, İsrail, daha sonra Birləşmiş Ərəb Əmirliklərinin və İraqın proseslərə qoşulması regionda vəziyyəti daha da gərginləşdirib. Bu hadisələrin hamısı Azərbaycanın yaxınlığında baş verir və münaqişə tərəflərinin hər biri ilə Azərbaycanın diplomatik münasibətləri mövcuddur", - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/72173
Ayhan
17:11 03.03.2026
Oxunuş sayı: 502