Ermənistanla normallaşma kimləri narahat edir? - Diaspor və lobbi hərəkətə keçib
Azərbaycanla Ermənistan arasında hazırkı münasibətlər son dövrlərdə əhəmiyyətli dərəcədə normallaşma meyli göstərir. Sülh və əməkdaşlıq üçün atılan addımlar regionda uzun illər davam edən gərginlikləri azaltmaqla yanaşı, iqtisadi, siyasi və humanitar sahələrdə yeni perspektivlər açır. Bu müsbət dinamika fonunda xüsusilə diqqətçəkəndir ki, uzun illər boyu mənfi mövqedən çıxış edən erməni diasporu və lobbisi hələlik bu proses qarşısında susqunluğunu qoruyur.
Əslində, bu susqunluq bir tərəfdən Azərbaycan və Ermənistan arasında inam mühitinin yaranmasının, digər tərəfdən isə regional və beynəlxalq səviyyədə balanslaşdırılmış yanaşmanın təzahürüdür. Tarixi münaqişələrin ağır yükünü arxada qoyaraq tərəflərin konstruktiv dialoqa hazır olması, həmçinin xarici dairələrin müdaxiləsinin effektini məhdudlaşdırır. Hazırkı vəziyyət göstərir ki, Azərbaycan diplomatiyası və sülh təşəbbüsləri nəticəsində regionda uzunmüddətli stabillik üçün yeni imkanlar formalaşır və erməni diasporunun ənənəvi təzyiq mexanizmləri indi daha məhdud rol oynayır.

Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Hazırkı mərhələdə Azərbaycan-Ermənistan münasibətləri yalnız iki tərəfin iradəsi ilə deyil, həm də Ermənistan hakimiyyətinin mövqeyindən ciddi şəkildə asılıdır. Lobbi və diaspor təsiri, hətta onların güclü təzyiq imkanları olsa da, əgər Ermənistan hakimiyyəti şəffaf və konstruktiv yol seçirsə, bu təsir arxa planda qalır. Yəni, lobbi qrup və xarici təzyiqlər yalnız hakimiyyətin mövqeyi ilə əlaqələndirilə bildiyi ölçüdə əhəmiyyətli rol oynaya bilər.
Hazırda İrəvanda səslənən bəyanatlar, seçkilərə hazırlıq və Konstitusiyaya ediləcək dəyişikliklərin planları göstərir ki, ölkənin daxili siyasi qərarları münasibətlərin inkişafına birbaşa təsir edir. Əgər indiki hakimiyyət seçkilərdən sonra mövqeyini qoruyarsa və xalq tərəfindən dəstək alarsa, bu, sülh və normallaşma prosesinə yeni imkanlar açacaq. Əks halda, lobbi təsiri artaraq bəzi planların reallaşmasına mane ola bilər. Bu baxımdan, Azərbaycan-Ermənistan əlaqələrinin gələcəyi həm daxili siyasət, həm də xalqın qərarları ilə sıx bağlıdır".

Politoloq İlqar Vəlizadə də bu barədə danışıb: " Kimsə iddia edə bilər ki, onlar sakit mövqe sərgiləyirlər amma bu, belə deyil. Reallıq tamamilə fərqlidir. Onlar kifayət qədər fəal şəkildə, xüsusilə də mənfi məzmunlu münasibətlərini açıq formada ifadə edirlər. Sadəcə olaraq, hər hansı səbəb və ya fürsət olmadan ortaya çıxmırlar. Müəyyən məqamı gözləyir, həmin məqamdan maksimum istifadə etməyə çalışırlar. Bu səbəbləri ya özləri formalaşdırır, ya da baş vermiş hadisələri öz maraqları çərçivəsində şərh edərək onlardan yararlanırlar. Məsələn, ABŞ-dəki erməni lobbisi Azərbaycan Prezidentinin ABŞ-a səfəri fonunda aktivləşərək, bəzi müxalif qrupların təxribat xarakterli aksiyalarından istifadə etməyə cəhd göstərdi. Onlar təkcə Azərbaycana qarşı mövqe sərgiləməklə kifayətlənmədilər, eyni zamanda öz narrativlərini gündəmə gətirməyə və beynəlxalq müstəvidə təsir imkanlarını genişləndirməyə çalışdılar. Xüsusilə Azərbaycanda saxlanılan separatçı qrupların rəhbərləri ilə bağlı məsələni fürsətə çevirərək mövqelərini ifadə etdilər və informasiya müstəvisində təzyiq yaratmağa cəhd göstərdilər.
Oxşar tendensiya Fransada da müşahidə olunur. Son dövrlərdə Fransa Senatında qəbul edilmiş anti-Azərbaycan xarakterli qətnamənin arxasında da erməni lobbisinin və onunla həmrəy mövqe tutan bəzi fransız siyasətçilərinin dayandığı açıq şəkildə görünür. Rusiya-da isə erməni lobbisinin fəaliyyəti onsuz da göz önündədir. Müxtəlif şəxslər – o cümlədən Konstantin Zatulin və Vladimir Solovyov – vaxtilə Ermənistanı fəal şəkildə müdafiə etdikləri kimi, bu gün də Ermənistan daxilindəki müəyyən müxalif dairələri dəstəkləməklə, faktiki olaraq sülh gündəliyinə qarşı çıxış edirlər. Onların həm Ermənistan rəhbərliyinə, həm də Azərbaycana yönəlik ritorikası regionda normallaşma prosesinə xidmət etmir. Bu baxımdan, erməni lobbisinin mövcud vəziyyətlə barışdığı və ya fəaliyyət strategiyasında köklü dəyişiklik etdiyi barədə düşünmək düzgün olmazdı. Belə bir gözlənti reallıqdan uzaqdır. Tarixi təcrübə göstərir ki, Türkiyəyə qarşı formalaşmış mənfi münasibət uzun illər dəyişmədiyi kimi, Azərbaycana münasibətdə də oxşar yanaşma davam edir. Yalnız uzunmüddətli perspektivdə, nəsillərin dəyişməsi fonunda müəyyən korrektələr mümkün ola bilər. Lakin hazırkı mərhələdə lobbi və diaspor strukturlarında fundamental dəyişikliklərin baş verdiyini iddia etmək əsassızdır".
Elmir Heydərli
12:12 02.03.2026
Oxunuş sayı: 704