İkinci əl elektronika: qənaət, yoxsa risk?
Son dövrlərdə mobil telefonlar, noutbuklar, planşetlər və digər elektronika cihazlarının ikinci əl satışı geniş yayılıb və böyük maraq doğurur. Bu bazarda xüsusilə mobil telefonlar və kompüterlər diqqət mərkəzindədir. Yeni məhsullarla müqayisədə, istifadə olunmuş cihazların qiyməti daha əlverişli olduğu üçün bu seçimi edənlərin sayı artmaqdadır. Bəs ikinci əl elektronika məhsulları almaq həqiqətən qənaətlidir, yoxsa müəyyən risklər də mövcuddur?
Mövzu ilə bağlı İT mütəxəssisi Fərhad Mirəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, ikinci əl bir əşya, texnologiya avadanlığı alanda burada müəyyən risklər ola bilər:
"Misal üçün, mobil telefonlarda, planşetlərdə, kompüterlərdə bu özünü bariz şəkildə göstərə bilir. Aparat təminatı hissəsində yoxlanıla bilən və ya ilk baxışda nəzərə çarpmayan xətalar ola bilər. Belə ki, həmin avadanlıq bir müddət işlədikdən sonra xətalar üzə çıxır hansı ki, ilkin baxışda üzə çıxartmaq qeyri-mümkündür.
Bir neçə gün işlədilmiş və ya demək olar ki, yeni telefondan seçilməyən bir mobil telefon alınır. Bir müddət işlədikdən sonra artıq zəng funksiyası işləmir. Yəni mobil operator telefonu qeydiyyatdan çıxardır. Araşdırdıqda isə məlum olur ki, həmin mobil cihaz hansısa bir mağazalar şəbəkəsində satışda olub, kreditlə alınıb və sonradan borc ödənməyib. Telefonun yeni sahib bu halı aşkar etdikdə artıq iki dəfə ziyana düşmüş olur. Bu zaman o telefonun ödənişindən əlavə əvvəldən qalan kredit borcunu da ödəməli olur.
Kompüter avadanlıqlarının hər bir tərkib hissəsində bir sərt disk var. Sərt diskin özünün işləmə qaydası var. Sərt diskin növündən asılı olaraq yazma, oxuma limiti ola bilər. Və ya həmin datalarda qeyd olunan sektorların yaxşı, pis vəziyyətdə olması kimi nüanslar da ola bilər. Bunu əvvəldən müəyyən etmək olur. Alış müddətində heç bir problem aşkarlanmasa belə, sonradan bu problemin üzə çıxması kimi hallarla qarşılaşmaq olur. Çünki kompüterlər uzun müddət istifadə olursa, risklər daha böyük olur".
Ekspertin sözlərinə görə, əlavə olaraq cinayətkarlıqla bağlı məsələlər də ola bilər:
"Hansısa oğurlanmış mobil telefonlar, kompüter cihazları, avadanlıqları ola bilər. Bunları şəbəkəyə qoşduqda hüquq mühafizə orqanları tərəfindən şəbəkədə göründükdən sonra həmin yeni sahibini hüquq mühafizə orqanları ziyarət edə bilər.
Yəni bu cür halların olması ehtimalıdır. Ona görə istənilən halda ikinci hansısa bir əşya, avadanlıq alınarkən birmənalı şəkildə risklər mövcuddur".
Elnurə Kərimova
15:09 06.12.2024
Oxunuş sayı: 7085