WhatsApp tələsi: Bir koda aldanır, pullarından olurlar
Sosial şəbəkələrdə “hər kəsin WhatsApp-na giriş mümkündür” iddiası ilə çıxış edən haker hesabları yenidən insanların cibinə göz dikib.
Maraqlı və cəlbedici paylaşımlar, “real nəticə” adı altında yayılan saxta ekran görüntüləri istifadəçilərdə inam yaradır. Bir çox insan şəxsi münasibətlərdə şübhələrini aradan qaldırmaq, həyat yoldaşının, övladının və ya yaxın çevrəsinin yazışmalarını oxumaq ümidi ilə bu hesablarla əlaqə saxlayır.
İddialara görə, hakerlər müəyyən məbləğ qarşılığında istənilən WhatsApp hesabına giriş vəd edir. İlkin yazışmalarda prosesin “asan və təhlükəsiz” olduğu bildirilir, hətta qısa vaxt ərzində nəticə əldə ediləcəyi deyilir. İstifadəçi pulu göndərdikdən sonra isə vəziyyət dəyişir. Əvvəl cavablar gecikir, sonra isə tamamilə kəsilir.
Nəticədə vəd edilən heç bir xidmət göstərilmir. Pul köçürən şəxs nə WhatsApp hesabına daxil ola bilir, nə də ödənişini geri ala bilir. Bir neçə saat, bəzən isə bir neçə dəqiqə sonra həmin “haker” səhifəsi istifadəçini bloklayır və sosial mediadan silinir. Aldadılan şəxs isə ortada qalır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Aİ mütəxəssisi Natiq Məmişov belə təkliflərin 90%-nin uydurma olduğunu və insanları aldatmaq üçün nəzərdə tutulduğunu qeyd edib:

"WhatsAppa login kodu göndərilir, sizə kod gələcək, onu deyin" deyirlər. Yaxud link göndərir, siz daxil olduqda sizin məlumatları götürür. Yəni onlar pul qarşılığında sistem sındırmırlar, ödəniş alıb yoxa çıxırlar. Çünki hesabları yaxud WhatsAppı oğurlamaq çətindir. Buna görə də, belə təkliflər aldatmaq məqsədilə istifadə olunur".
Fatimə Məmmədova
18:07 24.02.2026
Oxunuş sayı: 786