Toylar yenidən gündəmdə: Şadlıq evləri həftdə bir gün qapadılsın!
Türkiyədə yeni bir qərar ictimaiyyətin diqqətini çəkib: martın 1-dən etibarən İstanbulda fəaliyyət göstərən şadlıq sarayları və açıq havada olan toy məkanları çərşənbə axşamı günləri qapalı olacaq.
Qərarın əsas səbəbi işçilərin istirahət hüququnu qorumaq və xidmət keyfiyyətini artırmaqdır. Xüsusilə, bir neçə məkana sahib olan sahibkarlar üçün iş yükünün balanslaşdırılması hədəflənir.
Maraqlıdır ki, belə bir addım Azərbaycanda da tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı mütəxəssislər Crossmedia.az-a açıqlama verib.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Türkiyədə şadlıq saraylarında həftənin müəyyən günündə toyların keçirilməsinə məhdudiyyət qoyulması qərarı əsasən əmək hüquqlarının qorunması və xidmət sektorunda iş balansının yaradılması məqsədi daşıyır:

"Bu cür qərar adətən turizm və xidmət sahəsinin geniş olduğu ölkələrdə, xüsusilə böyük şəhərlərdə iş rejiminin tənzimlənməsi üçün tətbiq olunur. Azərbaycanda isə toy mərasimləri həm iqtisadi, həm də sosial baxımdan çox geniş yayılmış və mühüm ənənəvi sahədir.
Şadlıq sarayları, restoranlar, musiqiçilər, foto-video xidmətləri, dekor və digər əlaqəli sahələr minlərlə insan üçün gəlir mənbəyidir.
Buna görə də oxşar məhdudiyyətin tətbiqi yalnız əmək qanunvericiliyində ciddi dəyişiklik və ya sosial tələbat yaranacağı halda mümkündür.
Hazırda belə bir rəsmi müzakirə və ya qərar yoxdur, amma gələcəkdə işçi hüquqlarının qorunması istiqamətində müəyyən tənzimləmələr istisna deyil. Əgər belə bir qayda tətbiq olunsa, qısamüddətli dövrdə toy bazarında sıxlıq yarana bilər.
Həftənin digər günlərinə tələbat artar, qiymətlər yüksələ bilər və bəzi müştərilər tarix tapmaqda çətinlik çəkə bilər. Bu isə xidmətlərin bahalaşmasına səbəb ola bilər.
Digər tərəfdən, obyekt sahibləri üçün planlama daha sistemli olar, personalın iş saatları daha sabitləşər və xidmət keyfiyyətində artım mümkündür. Uzunmüddətli perspektivdə isə bazar yeni qaydalara uyğunlaşaraq daha balanslı model formalaşdıra bilər".
A.Nəsirli əlavə edib ki, belə qərarın iqtisadi təsiri həm mənfi, həm də müsbət elementlər daşıya bilər və nəticə tətbiq mexanizmindən və bazarın uyğunlaşma sürətindən asılı olar.
Sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimov qeyd edib ki, insanların sosial və müəyyən urbanizasiya problemlərinin yaratdığı hallar, xüsusən də keyfiyyətli şəraitin təminatına yönəlib:
"Bizim də ölkəmizdə toy saatlarının keçirilməsi ilə bağlı mənəvi dəyişikliklərə ehtiyac böyükdür. Bəzən yan-yana olan üç şadlıq evinin hər birində eyni vaxtda toy gedir və həmin istiqamətdə hərəkət edən insanlar öz mənzil başına, yaşayış yerlərinə çox çətinliklə gedib çıxırlar.

Və nəzərə alsaq ki, bu toyların hamısı eyni saatlarda başlayır, bu özü əlavə problemlər yaradır. Bu baxımdan böyük toyların keçirilməsi ilə bağlı bizim ölkəmizdə, xüsusən də VUF13 beynəlxalq tədbirindən irəli gələn tələblərə uyğun olaraq, toy mərasimlərinin keçirilməsi məsələsində hansısa qanunvericiliyə, müəyyən tənzimləmələrə ehtiyac var.
Məsələn, eyni küçədə olan şadlıq evlərində eyni vaxtda toy keçirilməsi məsələsi. Bunlar kifayət qədər böyük tıxaclar yaradır və xüsusən də Türkiyədə bu, indiki kimi deyil. Ümumiyyətlə, bu toylarda insanların iştirakı məsələsi var. İndi pandemiya olmasa da, pandemiya dövründəki qaydanı tətbiq etsək, necə yaxşı olar ki, məsələn, toylarda insan sayı 50 nəfərdən çox olmasın. 500–700 nəfər adam yığmaqla toy etmək düzgün deyil".
Sosioloq toyların auditoriyasının daha çox lokallaşmalı, azalmalı olması təklifini irəli sürüb:
"Belə hallar bütövlükdə cəmiyyətin təhlükəsizliyi, rifahı və daha yaxşı şəhər mühitinin formalaşması baxımından, inanın ki, əhəmiyyətli və zəruri addımlardır. Yenə də qeyd edirəm: eyni ərazidə, eyni rayonda, bir-birinə çox yaxın məsafələrdə yerləşən şadlıq evlərində toyların keçirilməsi məsələsində müəyyən fasilələrin olması lazımdır. Və yaxud niyə toy saatları məhz axşam saatlarına təyin olunur?
Hamının işdən çıxması əsas götürülür. Ancaq nəzərə almaq lazımdır ki, bu toylar gecə saatlarına qədər davam edir, hətta saat 12-ni keçir. Həmin insanlar isə səhər yenidən işə gedirlər. Bütün bunlar yorğunluq və stress yaradır. Bu da ümumi gərginliyə səbəb olur.
Bu baxımdan bizdə də elə bir qanun olmalıdır ki, toyların istər auditoriyası baxımından, istər eyni rayonda və ya bir-birinə yaxın məsafədə olan şadlıq evlərində keçirilməsi baxımından, istərsə də toyların davam etmə müddəti ilə bağlı tənzimləmələr olsun. Axı 5-6 saat davam edən, saat 6-da başlayıb 12-yə qədər sürən toy nəyə lazımdır? Davam etmə müddəti 2 saat olsun: biri 7-də başlasın, 9-da bitsin, digəri 8-də başlasın, 10-da bitsin. Hər biri nizamlansa, şəhər mühitində yaranan əlavə sıxlıqlar, təhlükəsizlik problemləri və insanları yoran amillər də aradan qalxmış olar”.
Fatimə Məmmədova
13:30 19.02.2026
Oxunuş sayı: 586