Ermənistan hərbi potensialını artırır - MƏQSƏD NƏDİR?
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin regional sabitliyə zərər verəcək hər hansı addımı atmayacağını bəyan edib. O, Ermənistan parlamentində çıxışı zamanı Azərbaycanla müharibənin Ermənistanın maraqlarına uyğun olmadığını vurğulayıb. Paşinyan bildirib ki, ölkəsinin əsas məqsədi sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əli Zülfüqaroğlu Paşinyanın sülh bəyanatlarına ehtiyatla yanaşmağa çağırır. O bildirir ki, Ermənistan hökumətinin sülh prosesi ilə bağlı bəyanatları, xüsusilə də yüksək səviyyəli rəsmilər tərəfindən səsləndirilən konstruktiv mesajlar, əslində gerçəkliklə üst-üstə düşmür.
“Ermənistan tərəfi hər dəfə sülh təşəbbüsü adı altında imitasiya xarakterli addımlar atır və sülh danışıqlarının mahiyyətini manipulyasiya etməyə çalışır. Paşinyanın indiki bəyanatları da əvvəlkilərdən fərqli deyil və yalnız süni sülh görüntüsü yaratmaq məqsədi daşıyır,” – deyə Zülfüqaroğlu vurğulayıb.
Politoloq qeyd edir ki, Ermənistan hökuməti qeyri-real iddialarla çıxış edərək, paralel olaraq hərbi potensialını artırmağa çalışır. Bu isə sülh prosesinə əngəl yaradan əsas amillərdən biridir.
Zülfüqaroğlu əlavə edib ki, Azərbaycanın irəli sürdüyü sülh şərtləri Ermənistan tərəfindən qəbul edilmir: “Bu, Ermənistanın sülh prosesində səmimi olmadığını və danışıqları məqsədli şəkildə uzatdığını açıq şəkildə göstərir”.
Nihat Tahirov
10:59 05.12.2024
Oxunuş sayı: 4772