Minimum əməkhaqqı alanlara ŞAD XƏBƏR
Azərbaycan Parlamentində minimum əməkhaqqının məbləğinə ildə ən azı bir dəfə yenidən baxılmasını təmin edən dəyişiklik son oxunuşda qəbul edilib. Əmək Məcəlləsinə edilən bu əlavələr işçilərin minimum yaşayış səviyyəsini qorumaq və sosial müdafiəni gücləndirmək məqsədini daşıyır. Qanun layihəsi həmçinin beynəlxalq standartlara cavab vermək, xüsusilə Dünya Bankı Qrupunun "Business Ready" hesabatında işçi qüvvəsi indikatoru üzrə ölkənin itirdiyi balın geri qazanılmasını təmin etmək məqsədilə hazırlanıb. Müzakirələrdən sonra layihə üçüncü oxunuşda qəbul edilərək qüvvəyə minib.

Bu barədə Crossmedia.az-a danışan iqtisadçı- ekspert Rəşad Həsənov söyləyib ki, sosial rifahı əks etdirən bütün əsas göstəricilər, o cümlədən minimum əmək haqqı, pensiyalar və sosial müavinətlər qanunvericiliklə tənzimlənən qaydada, ildə ən azı bir dəfə olmaqla, qiymət indeksləri və hökumətin sosial siyasətinin prioritetləri nəzərə alınmaqla indeksləşdirilməlidir: "Əks halda, müvafiq sosial qrupların inflyasiyadan qorunmasında ciddi problemlər yaranır, qərarların gecikməsi isə yoxsulluq riskini artırır, alıcılıq qabiliyyətini zəiflədir və sosial rifah səviyyəsinin aşağı düşməsinə səbəb olur. Müsbət hal ondan ibarətdir ki, minimum əmək haqqı ilə bağlı institusional yanaşma formalaşmağa başlayıb. Çünki bu məsələlər ayrı-ayrı təşəbbüslərlə deyil, hökumətin davamlı sosial siyasətinin ayrılmaz tərkib hissəsi kimi idarə olunmalıdır. Eyni zamanda, bu proses cəmiyyətin gözləntilərinin düzgün şəkildə yönləndirilməsini də zəruri edir. Praktikada isə tez-tez müşahidə olunur ki, əhali yeni ildə minimum pensiya, müavinət və əmək haqlarının artırılacağı ilə bağlı gözləntilər formalaşdırsa da, müvafiq qərarlar vaxtında qəbul edilmir. 2026-cı ildə də oxşar vəziyyət yaşanıb. 2025-ci ildə inflyasiya səviyyəsi 5,6 faiz təşkil etmiş, 2026-cı il üçün isə Mərkəzi Bank tərəfindən 5,4 faiz inflyasiya proqnozu açıqlanmışdır. Lakin real qiymət artımları bu göstəricilərdən daha yüksəkdir və xüsusilə həssas sosial qruplar üçün hiss edilən inflyasiya daha kəskin xarakter daşıyır".
Onun fikrincə, belə şəraitdə sosial qrupların gəlirləri artırılmadıqda, bu, onların alıcılıq qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və yoxsullaşma riski ilə üzləşməsi deməkdir: "Bu isə sosial rifah göstəricilərinin sürətlə pisləşməsinə gətirib çıxarır. Qanunvericilikdə edilən dəyişiklik məhz bu baxımdan müsbət qiymətləndirilməlidir, çünki artıq minimum əmək haqqının ildə ən azı bir dəfə artırılması hüquqi mexanizmə çevrilir. Minimum əmək haqqının artırılması eyni zamanda büdcə təşkilatlarında çalışan şəxslərin əmək haqlarına da paralel təsir göstərir. Bu sahədə əmək haqları müəyyən tarif dərəcələri əsasında hesablandığı üçün həmin dərəcələrə yenidən baxılması zərurəti yaranır. Nazirlər Kabineti qarşısında yaranan bu öhdəlik nəticə etibarilə həmin sosial qrupların gəlirlərinin artmasına səbəb olur. Eyni zamanda, minimum əmək haqqının yüksəldilməsi əmək bazarında ümumi əmək haqqı səviyyəsinin artımı ilə bağlı gözləntilər formalaşdırır və bu proses özəl sektoru da müvafiq qərarlar qəbul etməyə təşviq edir. Nəticədə, ölkə üzrə orta əmək haqqının artım dinamikası sürətlənir və bu, ümumi iqtisadi və sosial rifahın yüksəlməsinə müsbət təsir göstərir".
Elmir Heydərli
15:09 16.02.2026
Oxunuş sayı: 742