Azərbaycanlılar Ermənistana getdi: münasibətlər sıxlaşır, gələcəkdə nələr olacaq? - RƏY
Cənubi Qafqazda sülh və əməkdaşlıq istiqamətində atılan addımlar region üçün yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ermənistanın ev sahibliyi etdiyi və “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan ikitərəfli dəyirmi masa tərəflər arasında dialoqun gücləndirilməsinə və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına yönəlib.
Tədbirdə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2026-cı ildə Vaşinqton Sammitində təsdiqlənmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edərək, regionda davamlı sabitliyin təmin olunması üçün mümkün əməkdaşlıq mexanizmlərini nəzərdən keçirəcəklər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan ilə Ermənistan arasında müşahidə olunan normallaşma prosesi regionun siyasi arxitekturasında keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. Bu proses təkcə iki ölkə arasında münasibətlərin bərpası deyil, eyni zamanda, daha geniş regional sabitlik və əməkdaşlıq üçün real imkanlar yaradır. Birbaşa siyasi dialoqun mövcudluğu da mühüm müsbət amildir. Prezident İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibəsində bildirdi ki, Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdı.
Biz, həmçinin Ermənistana vacib neft məhsullarını təchiz etməyə başladıq və bununla da bizim ticari münasibətlərimiz başladı. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub. Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var.
Dövlətlərarası danışıqlarla yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri də etimad mühitinin yaradılmasında mühüm rol oynayırlar. Bu baxımdan “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri, keçirilən dəyirmi masalar uzunmüddətli sülhün və əməkdaşlığın təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Vətəndaş cəmiyyətinin dialoqları etimadın bərpası və gələcək əməkdaşlıq üçün zəminin yaradılması kimi müxtəlif faydalı nəticələr verə bilər. Bu təşəbbüs, tərəflər arasında yalnız dövlət səviyyəsində deyil, həm də cəmiyyət səviyyəsində dialoqun inkişafını təşviq edir və sülhə gedən yolda mühüm addımların atılmasına imkan yaradır.
Bu reallıq fonunda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin dəyirmi masa arxasında toplaşması diqqətçəkən və müsbət hadisə kimi qiymətləndirilə bilər. Ötən ilin noyabr ayında "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri bir sıra görüşlər keçirdilər. “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində növbəti dəyirmi masa Ermənistanda keçrilir və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri orada iştirak edirlər.
Şübhəsiz, belə görüşlərin ən mühüm tərəfi qarşılıqlı etimadın bərpasına xidmət etməsidir. Açıq və sərbəst fikir mübadiləsi uzun illər formalaşmış stereotiplərin və qarşılıqlı inamsızlığın azalmasına kömək edə bilər. Bu isə sülh prosesində vacib mərhələdir. Vətəndaş cəmiyyətləri arasında qurulan dialoq gələcək əməkdaşlıq üçün də zəmin formalaşdıra bilər. Regionda davamlı sabitlik və təhlükəsizlik üçün vətəndaş cəmiyyətləri arasında dialoqun genişlənməsi və davamlı xarakter alması mühüm əhəmiyyət kəsb edir".
Məsələ ilə bağlı həmçinin hərbi ekspert Üzeyir Cəfərov da öz fikirlərini bölüşüb:

"Ermənistanda başa çatan iki günlük “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü, eləcə də Azərbaycandan on doqquz nəfərin bu prosesdə iştirakı, mahiyyət etibarilə müsbət hadisədir. Bu cür təmaslar tərəflər arasında etimad mühitinin formalaşmasına xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər.
Əlbəttə, bu formatda görüşlər bundan əvvəl də baş tutub və gələcəkdə də analoji təşəbbüslərin davam etdirilməsi mümkündür. İctimaiyyət nümayəndələrinin qarşılıqlı dialoqa girməsi normal və zəruri haldır. Lakin əsas sual bundan ibarətdir: bu proses sülh sazişinin imzalanmasına nə dərəcədə real təsir göstərə biləcək? Şübhəsiz ki, bu cür görüşlər tamamilə təsirsiz deyil, lakin onların həlledici rol oynadığını söyləmək də çətindir.
Bu baxımdan, Azərbaycan Prezidentinin bu gün jurnalistlərə verdiyi mühüm açıqlama diqqətəlayiqdir. Dövlət başçısı qeyd edib ki, Ermənistan konstitusiyasında və referendum yolu ilə müvafiq dəyişikliklər həyata keçirildiyi təqdirdə, Azərbaycan artıq növbəti gündən qarşılıqlı problemlərin həllinə başlamağa hazırdır. Bu, sülh prosesinə dair aydın siyasi iradənin nümayişidir.
Bununla belə, görüşlərə həddindən artıq optimist yanaşmaq da düzgün olmaz. Əsas məsələ onların məqsədindən kənar istiqamətlərdə istifadə edilməməsi və siyasi manipulyasiya alətinə çevrilməməsidir. Prinsip etibarilə bu təşəbbüslər müsbət addımdır, lakin onların real nəticə verməsi üçün siyasi iradə və hüquqi öhdəliklərin icrası əsas şərtdir.
Bu görüşlər çərçivəsində tərəflər ictimai müzakirələrdə belə fikirləri səsləndirə bilərlər ki, Azərbaycan və Ermənistan xalqları əbədi düşmən ola bilməzlər, çünki onlar qonşu dövlətlərdir. Bu, “xalq diplomatiyası” adlandırılan yanaşmanın bir formasıdır və gələcək siyasi danışıqlarda əlavə arqument kimi istifadə edilə bilər.
Lakin bir daha vurğulamaq lazımdır ki, bu təşəbbüslər böyük və mürəkkəb sülh prosesinin yalnız kiçik elementləridir. Əsas və həlledici qərarlar yüksək siyasi səviyyədə – prezidentlər, baş nazirlər, xarici işlər nazirləri və hökumət nümayəndələri arasında aparılan rəsmi danışıqlarda qəbul edilir.
Hazırda da bu səviyyədə təmaslar davam edir. Ümid edək ki, bütün bu proseslər sonda Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə gətirib çıxaracaq. Hələ də işğal altında olan bir neçə yaşayış məntəqəmiz və Ermənistanın nəzarətində qalan, həllini gözləyən bir sıra məsələlər mövcuddur. Arzu edək ki, bu problemlər tezliklə ədalətli və davamlı şəkildə öz həllini tapsın".
Elmir Heydərli
14:26 16.02.2026
Oxunuş sayı: 1118