Rəqəmsallaşma və innovasiya: Azərbaycanın dayanıqlı inkişaf konsepsiyası
Azərbaycan hər zaman yeniliyə, təkmilləşməyə maraq göstərməklə yanaşı, bunu real addımları ilə təsdiqləyir. İdarəçilik sistemində təkmilləşmə, Azərbaycan brendi kimi dünyaya səs salan layihələrin uğurlu icrası, bütün sahələrdə malik olduğu zəngin təcrübəsi ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin platformasından təqdim etməsi və sair kimi mühüm məqamlar ölkəmizə müsbət beynəlxalq baxışa daim əlavələrin edilməsində əhəmiyyətli rol oynayır. Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə də mühüm çağırışları, Azərbaycanın malik olduğu üstünlüklərin təqdimatını, qarşıda dayanan hədəfləri özündə ehtiva edir. Hazırkı dövrdə rəqəmsal inkişaf xüsusi diqqət göstərilən məsələlər sırasındadır. “Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın malik olduğu resurslardan səmərəli istifadəsi dövlətimizin daha da güclənməsində, inkişaf etməsində öz sözünü deyir. Bu baxımdan ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin ölkələr, xalqlar arasında dostluq, əməkdaşlıq yaratmasını, dünyanın enerji xəritəsini dəyişməsini xüsusi qeyd etmək istərdik. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi ixracat edən dövlət kimi dünyanın diqqətindədir. Dövlətimizin başçısı müşavirədə vurğuladı ki, neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var. Bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. “Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir” çağırışını edən Prezident İlham Əliyev onu da əlavə etdi ki, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir.
Vüqar Rəhimzadə Azərbaycanın mühüm üstünlükləri sırasında coğrafi mövqeyini xüsusi vurğulayıb. Qərblə Şərqin qovuşağında yerləşən Azərbaycan bu üstünlüyünü gələcək inkişafına yönəldir. Əməkdaşlıq məkanına çevrilən Azərbaycan müxtəlif ölkələri, xalqları, mədəniyyətləri, dinləri bir araya gətirir, yeni əməkdaşlıq körpüləri qurur. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi tanınması, dünyanın iqtisadi, siyasi, xarici siyasət, texnoloji inkişaf gündəliyinin ölkəmizdə müzakirə olunması bir tərəfdən zəngin təcrübəyə malik olmağımız, digər tərəfdən isə sabitlik məkanı kimi nüfuz qazanmağımızla bağlıdır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, coğrafi vəziyyət bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Ona görə Asiya ilə Avropa arasında, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir. Prezident İlham Əliyev bu günlərdə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də bu mühüm məqamı xüsusi vurğuladı ki, beynəlxalq əlaqələrimizin coğrafiyası genişlənir: “Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq. Ölkənin inkişaf gündəliyi göstərir ki, biz düz yoldayıq”.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələrini uğurlu sonluqla başa çatdırması etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bunun üçün Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycana iqtisadi və siyasi dividend gətirən, iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirən “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il sonra, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın sözünün də imzası qədər əhəmiyyətini, beynəlxalq aləmdə möhkəmlənən mövqeyini təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu reallığı da diqqətə çatdırdı ki, transmilli böyük şirkətlərlə iş təcrübəmiz də böyük üstünlükdür. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafını müəyyən edib. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.
Vüqar Rəhimzadə müşavirədə diqqət yönəldilən məsələlərdən biri kimi, son illər ölkəmizdə aparılan işlər nəticəsində öz enerji generasiya gücümüzü böyük dərəcədə artırmağımızı qeyd edib. Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları - istər qaz, istər hidro, istər Günəş, külək bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir. Gələcəkdə ölkəmizin generasiya gücü imzalanmış kontraktlar əsasında daha da artacaq. Bu üstünlükdən səmərəli şəkildə istifadə etmək əsas prioritetlər sırasındadır. Prezident İlham Əliyev bu çağırışı etdi ki, bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir. Xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da böyük enerji güclərini tələb edir.
Milli Məclisin deputatı bildirib ki, ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi hər zaman qarşıda dayanan əsas hədəfdir. Təbii ki, hər bir hədəf dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılması ilə vəhdət təşkil edir. Keçilən yola nəzər saldıqda Azərbaycanın bu hədəflərə ardıcıllıqla nail olduğunu görür və bundan böyük qürur hissi keçiririk. Yeni texnologiyaların inkişafı və tətbiqi hər zaman əsas hədəflərdən olub. 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də bunun bariz nümunəsidir. Azərbaycanın 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi də bu sahədə malik olduğu imkanların təqdimatı oldu. Prezident İlham Əliyev “Neft kapitalını insan kapltalına çevirək” tezisini irəli sürəndə bu çağırışı da etmişdir ki, təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına, texnoloji inkişafa yönəltməklə gələcəkdə inkişafımızı dayanıqlı etmək olar.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev müşavirədə rəqəmsal inkişafı təmin etmək üçün tapşırıqlarını da çatdırdı. Bildirdi ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır. Son illər ərzində müxtəlif dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün buna da ehtiyac olmayacaq, yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir. Dövlət xidmətləri vahid mərkəzdən, “mygov” üzərindən həyata keçirilməlidir. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək.
Hər bir çağırış, hədəf kadr hazırlığı məsələsini aktuallaşdırır. Prezident İlham Əliyev bildirdi ki, təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir. Əsas çağırışlardan biri süni intellektin tətbiqinin dövlət qurumlarında geniş vüsət alması, kibertəhlükəsizlik üzrə əsas hədəflərin müəyyən edilməsidir. Süni intellekt sahəsində inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə süni intellekt agentlərinin kömək göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt yardımçı ola bilər. Ona görə rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər.
Milli Məclisin deputatı belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, Azərbaycanın hər bir sahə üzrə inkişaf strategiyasını, fəaliyyət planını təsdiqləməsi və uğurlu icrasını həyata keçirməsi hərtərəfli inkişafda kompleks tədbirlərə xüsusi önəm verdiyini nümayiş etdirir. Bu da Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin tərkib hissəsidir. Bu baxımdan rəqəmsal inkişafa həsr edilən müşavirənin keçirilməsi, bu məsələnin dövlətimizin başçısının qeyd etdiyi kimi Prezidentin nəzarətində olması bir çox tərəfdaşlarımıza da mesajdır. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Prezident İlham Əliyev bu hədəfi də qarşıya qoydu ki, Azərbaycanın malik olduğu üstünlüklər xarici tərəfdaşlarımıza çatdırılmalıdır.
15:05 13.02.2026
Oxunuş sayı: 559