Magistr olmaq istəyənlərə müraciət: Namizədlər bir məsələni dəqiq başa düşməlidir
Fevralın 15-də bir çox gəncin həyatında növbəti əlamətdar hadisə baş verəcək. Ali təhsillərini davam etdirmək istəyənlər magistraturaya qəbul imtahanı verəcəklər. Həyəcanları, narahatlıqları başa düşüləndir. Bir çox namizədi düşündürən əsas sual qəbul ballarının dəyişmə ehtimalı ilə bağlıdır. 
Perspektivər barədə Crossmedia.az-a danışan karyera planlaması üzrə mütəxəssis Rəvan Əliyev deyib ki, bu il magistratura imtahanına qeydiyyatdan keçənlərin sayının ötən illə müqayisədə daha çox olması artıq rəqabətin artacağının açıq göstəricisidir: "Rəqəm çoxdursa, bu o deməkdir ki, eyni yerlər uğrunda daha çox namizəd mübarizə apara bilər. Əgər yüksək bal toplayanların statistikası da artarsa, təbii ki, keçid ballarında yüksəlmə müşahidə oluna bilər. Çünki magistraturada yerlər nisbətən sabit qalır, amma yüksək ballı bakalavrların sayı çoxalırsa, seçim mexanizmi avtomatik olaraq yuxarı bal intervalına doğru çəkilir. Namizədlər bir məsələni dəqiq başa düşməlidir: bu il “orta nəticə” ilə risk etmək təhlükəli ola bilər. Əvvəlki illərin minimal keçid ballarına arxayın olmaq düzgün strategiya deyil. Rəqabət artdıqca "təhlükəsizlik zonası" da yuxarı qalxır.
O bildirib ki, üsusilə ixtisas seçimi zamanı diqqətli olmaq lazımdır: "Bəzi populyar ixtisaslarda bal sıçrayışı daha kəskin ola bilər. Ona görə seçim edərkən təkcə prestijə yox, real nəticənizə uyğun plan qurmaq vacibdir. Namizədlərə tövsiyə edirəm ki, son günlər maksimum diqqətli və sistemli təkrar etsinlər. Psixoloji gərginliyə uduzmasınlar. Unutmaq olmaz ki, imtahanda ən böyük risk panikadır. Bu il rəqabət yüksək ola bilər, amma yaxşı hazırlaşan üçün imkanlar da var. Bir sözlə, bu il hər kəs diqqətli olmalıdır. Rəqabət güclüdür və hər bal həlledici ola bilər. Hazırlığını ciddiyə alan, strategiyasını düzgün quran namizəd üstünlük qazanacaq".
11:44 13.02.2026
Oxunuş sayı: 647